Bakının separatizmə qarşı gələcək planı – Görünməyən detal nədir?

0
235

Azərbaycanın erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpası prosesində separatçı rejimin özünü buraxmağa məcbur edilməsinin perspektiv hədəfi də var.

Bu proses başqa ssenari üzrə də cərəyan edə bilərdi: separatçıların özünü buraxan “rəhbərliyi” bölgədən qovula, yaxud qandallanıb Bakıya gətirilə bilərdi. Ki, bundan sonra onların qanun qarşısına çıxarılması, amnistiyaya düşüb-düşməyəcəkləri rəsmi Bakının siyasi iradəsindən asılı olacaq. Və yaxud Rusiya separatçıları özlərini buraxmamış bölgədən çıxara bilərdi.

Bu halda Bakının Xankəndi hədəfi – suverenliyimizin tam bərpası, o ərazilərdə mərkəzi hakimiyyətin qurulması hədəfi dəyişməyəcəkdi və nail olunacaqdı. Lakin separatçı rejim özünü buraxmayacağı təqdirdə, ermənilər Ermənistanda qondarma “artsax”ın “mühacir hökuməti”ni yarada və ərazi iddialarını davam etdirə, beynəlxalq səviyyədə dəstək qazana bilərdilər. Bu məsələdə Ermənistan da maraqlıdıer, Rusiya da, o cümlədən, bölgədə maraqları olan digər qüvvələr də.

Şübhəsiz ki, rəsmi Bakı separatçı rejimin özünü buraxması tələbində israr edib və bu, həm də perspektivdə ərazi iddialarının qarşısını almağa hesablanmış addımdır. Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma “artsax” kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz, indi olmasa belə, 20 ildən sonra – fürsət tan kimi edə bilərlər. Separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək: “öz müqəddəratını təyin etmək” istəyənlər özləri bundan imtina edib.