Bakının mərkəzində insanlara hücum edən yarıçılpaq şəxslərə qarşı cinayət işi başlanıldı

0
631

Səbail rayonunda ictimai asayişi pozan, Xətai rayonunda isə polisə odlu silahla silahlı müqavimət göstərən şəxslərə qarşı cinayət işləri başlanılıb. Daxili işlər orqanları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində baş verən bir neçə cinayət faktının üstü “isti” izlərlə açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən aytaxtın Səbail rayonu Üzeyir Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, saxlanılan zaman onlar polis əməkdaşlarına da müqavimət göstəriblər. Bölmədə araşdırma aparılan zaman onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və qohumu Mahmud Məmmədov olmaları müəyyən ediliblər.

Hər iki şəxs barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Keçirilən daha bir əməliyyat zamanı isə polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub.

Belə ki, dekabrın 12-də Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən mağazalardan birindən 2500 manat dəyərində tütün məmulatları, danışıq kartları və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb. Mağazanın sahibi baş verən hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.

Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxslərdən biri Bakı şəhər sakini Kamran Səfərəliyev saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, Kamran Səfərəliyevlə bərabər oğurluq hadisəsində əvvəllər Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, qanunsuz olaraq üzərində odlu silah gəzdirmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə dəfələrlə məhkum olunmuş Sabunçu rayon sakini Elşad Məmmədov da iştirak edib. Eyni zamanda Elşad Məmmədovun daimi olaraq üzərində odlu silah gəzdirməsi barədə məlumat daxil olduğundan xüsusi əməliyyat qrupu yaradılıb və onun Sabunçu rayonu ərazisində olduğu müəyyən edilib.

Qeyd edək ki, Elşad Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edərək üzərində olan odlu silahı atəş vəziyyətinə gətirib və bu zaman polislərin çevikliyi sayəsində o, dərhal zərərsizləşdirilərək tutulub. Saxlanılan zaman Elşad Məmmədovun üzərindən “Makarov” tipli tapança, 3 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.