Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakının mərkəzində sakinlərin gürzə ilanına rast gəlməsi faktına münasibət bildirib.
İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.
Bakıda gürzə ilanının hər zaman olduğunu deyən S.Bünyatova qeyd edib ki, şəhərin mərkəzində gürzə ilanına rast gəlməkdə təəccüblü heç nə yoxdur:
“Bakıda, xüsusilə şəhərətrafı kəndlərdə gürzə ilanı hər zaman olub. Bakının Əhmədli, Xəzər rayonlarında da gürzə ilanına rast gəlinib. Hətta Botanika bağında, Zoologiya İnstitutunun öz həyətində də bu ilana rast gəlinib. Ona görə də Bakının mərkəzində gürzəyə rast gəlinməsinə təəccüblənmək lazım deyil”.
S.Bünyatova qeyd edib ki, ilanlar gəmiricilərin çox olduğu, tikintidən sonra dağılan açıq sahələrdə yayılır.