Bakının həmləsi: Xankəndindəki separatçılar əsas gəlirdən məhrum olur

0
213

Qarabağ iqtisadi rayonundakı qızıl yataqlarının Azərbaycanın nəzarətinə keçməsi separatçı-terrorçu rejimin iqtisadi cəhətdən məhv olması ilə nəticələnə bilər.

Azərbaycan ermənilər tərəfindən qanunsuz istismar edilən “Dəmirli” və “Qızılbulaq” yataqlarında ekoloji monitorinqin keçirilməsini tələb edir. Xankəndi yolunda ekoloqların keçirdiyi aksiyanın əsas tələbi də budur.

Lakin indiyə qədər aparılan danışıqlara və aksiyaya rəğmən Rusiya sülhməramlıları və separatçı-terrorçu rejim monitorinqə imkan vermir.

Bunun əsas səbəblərindən biri də “Dəmirli” və “Qızılbulaq” yataqlarının seaparatçı rejimin əsas gəlir mənbəyi olmasıdır. Müharibədən əvvəl bu yataqların qanunsuz istismarı nəticəsində separatçılar ildə 18,7 milyard dram – “büdcələrinin” 30 faizi qədərində gəlir əldə edirdilər. İndi terrorçu rejimin “büdcə”sinin 2/3 hissəsini məhz bu yataqların qanunsuz istismarı təşkil edir.

Yataqlar erməni biznesmen Valeriy Meculyan tərəfindən yaradılmış, İsveçrədə qeydiyyatdan keçən “Vallex Group” şirkəti tərəfindən istismar edilir. Əsas işi “Vallex Group” tərəfindən 2001-ci ildə yaradılmış”Base Metals” şirkəti həyata keçirir. Şirkət qondarma rejimin ən böyük “vergi ödəyəcisi” və “ixracatçısıdır”. Şirkətdə 1800-ə qədər işçi çlışır. Yataqların qanunsuz istismarı nəticəsində bu il separatçı-terrorçu rejim 45 milyard dram pul qazanıb.

Ermənistan mediası isə yazır ki, “Qızılbulaq”da qızıl və əlvan metallar tamamilə tükənib. “Dəmirli”dən çıxarılna metallar “Qızılbulaq” kombinatında emal edilir.

Azərbaycanın bu yataqlarda ekoloji monitorinq keçirməsinin iki nəticəsi ola bilər.

Birincisi, yataqların qanunsuz istismarı və məhv edildiyi faktı real olaraq ortaya çıxacaq;
İkincisi, yataqların qanunsuz istismarının qarşısının alınması separatçı-terrorçu rejimi əsas gəlirdən məhrum edəcək;

İqtisadi gəlirdən məhrum olan qondarma rejimin “sağ qalması” daha da çətinləşə bilər.