Bakının bəzi hissələrinə yağış yağıb, digər yerlərində havanın yağmursuz olmasının səbəbi açıqlanıb

0
174

Bu gün günorta saatlarında Bakının bəzi hissələrində leysan xarakterli yağış yağsa da, digər ərazilərdə hava mülayim, yağmursuz və günəşli olub.

Məsələ ilə bağlı açıqlama verən coğrafiya elmləri doktoru, Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov deyib ki, bu təbiət hadisəsi bəzi topa-yağış buludların üfüqi ölçülərinin kiçik olması ilə bağlıdır:

“Bunlar atmosferdə konveksiya ilə əlaqədar olan topa-yağış buludlardır. Yaranma mexanizmi, özək quruluşu və inkişaf dinamikasından asılı olaraq topa yağış buludları bir neçə növə bölünür: təközəkli, çoxözəkli və superözəkli konvektiv buludlar. Çoxözəkli və superözəkli buludlar daha böyük ölçülərə malik olmaqla geniş ərazilərdə intensiv leysan yağıntılarına, dolu düşməsinə və hətta daşqın və sel keçməsinə səbəb olur. Bu gün Bakının bir sıra yerlərində yağan yağışlar isə kiçikölçülü təközəkli buludlarla əlaqədar olduqlarından lokal xarakter daşıyıblar. Həmin buludlar keçdiyi yerdə qısamüddətli güclü leysana səbəb olsa da, qonşu ərazilərdə yağıntılar müşahidə olunmaya da bilər”.

O qeyd edib ki, bu cür yağışların yağmasının iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur:

“İqlim dəyişikliklərindən əvvəl də belə hallar olub”.