Bakının 90 yaşlı qəzalı binası: Sakinlər qorxu içində yaşayır – FOTO

0
402

Vladimir Mayakovski küçəsi 15 ünvanında yerləşən bina 4 mərtəbəli, 3 girişli, 61 mənzilli olmaqla 1931-ci ildə inşa olunub. Binanın uzun müddətli istismarı nəticəsində mərtəbələrarası örtüklər, pilləkən qəfəsələri və digər konstruktiv hissə, elementləri köhnəlib.

Redaksiyamıza daxil olmuş müraciətə əsasən sakinlər qeyd edib ki, istismar və atmosfer təsirləri nəticəsində bina qəzalı vəziyyətə düşüb, eləcə də eyvan və pilləkən qəfəsinin hər an uçmaq təhlükəsi mövcuddur.

Binanın sakinləri artıq bu binada eyvanlara və pilləkən qəfəsələrinə çıxmaqdan qorxurlar.

Bina sakinlərinin müraciətində vurğulanır ki, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Nərimanov rayonu İcra Hakimiyyəti və rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəsmiləri yaşayış binasının qəzalı vəziyyətdə olması, insanların həyatı üçün real təhlükənin mövcudluğu və bununla əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini dəfələrlə qeyd etsələr də bugünədək heç bir tədbir görülməyib.

Nərimanov rayon İcra hakimiyyətindən bildirilib ki, V. Mayakovski küçəsi 15 saylı bina Nərimanov rayonu üzrə qəzalı vəziyyətdə olan binaların siyahısına daxil edilərək, dövlət səviyyəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub:

“Həmin bina istismar müddəti bitmiş binalar sırasında olmaqla, tərəfimizdən müxtəlif sahibkarlara və investor şirkətlərə təklif olunmuş, lakin binanın yerləşmə vəziyyəti həmin ərazinin əhalinin sıxlıq əmsalına uyğun olmaması və iqtisadi cəhətdən perspektivsizliyi səbəbindən bugunkü tarixədək heç bir şirkət sərmayə qoyuluşuna müsbət rəy verməyib”.

Qeyd edilib ki, Dövlət büdcəsindən Rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə ayrılmış vəsait hesabına və tərtib olunmuş Tədbirlər Planına əsasən həmin binada da, xüsusi ilə ümumi keçid meydançasında cari təmir işlərinin aparılması nəzərdə tutulub.