Bakıdan İrəvana son xəbərdarlıq: Müharibə istəyirsinizsə, biz hazırıq! – MÜSAHİBƏ

0
11

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

– Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşmanın əldə edilməsi açıqlandıqdan sonra şərti sərhəddə erməni təxribatı dayanmır. Sizcə, nə baş verir?

– Ermənistan özünü “sülh göyərçini” kimi qələmə versə də, son təxribatlar onun əsl mahiyyətini bir daha ortaya qoyur. Görünən odur ki, erməni tərəfi boş-boşuna silanlanmır. Öldürücü silahları göndərən Fransa, Hindistan və digər dövlətlər Ermənistanı yeni müharibəyə hazırlayırlar. Təəssüf ki, reallıq məhz bundan ibarətdir. Azərbaycanın isə sülhə münasibəti birmənalıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrəvan sülh istəyirsə, məlum şərtləri yerinə yetirməlidir. Ermənistan ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz gediş-gəlişi, yəni Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan iddialar aradan qaldırılmalıdır. Həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması haqqında konkret addım atılmalıdır. Amma Ermənistan bu şərtləri icra etmək əvəzinə şərti sərhəddə hərbi təxribatlara əl atır. Bu isə o deməkdir ki, İrəvan hələ də sülhə hazır deyil. Beynəlxalq ictimaiyyətə özünü sülhə hazır tərəf kimi göstərsə də, erməni tərəfi növbəti dəfə prosesi manipuliyasiya etməklə məşğuldur.

– Son təxribatlara cavab necə ola bilər?

– Azərbaycanın bununla bağlı qarşı tərəfə xəbərdarlığı var. Bu ondan ibarətdir ki, Ermənistan təklif edilən bütün şərtləri qəbul etməlidir. Əks halda, alacağı cavabı bilir. Qarşı tərəf unutmasın ki, “Dəmir yumruq” öz yerindədir. Təxribatlar davam edəcəyi təqdirdə, Ermənistan daha ağır zərbə alacaq. Yəqin ki, bunu düşünürlər.

– Tərəflərin sülh razılaşmasını kənara qoyub, yeni müharibəyə başlamaq riski varmı?

– Ermənistan son günlər davam edən hərbi təxribatları məhz bu məqsədə xidmət edir. Azərbaycan Müdafiə Nazirliyi bir neçə gündür ardıcıl olaraq qarşı tərəfin təxribatları ilə bağlı məlumatlar yayır. Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə məruz qalır. Sözsüz ki, sülh istəyən dövlət bunu etməz. Bu, o deməkdir ki, Ermənistan yeni müharibə istəyir və buna ciddi şəkildə hazırlıq görür. Dəfələrlə Azərbaycan tərəfindən ən yüksək səviyyədə Ermənistana xərəbdarlıq edilib. Vurğulanıb ki, sülh istəyi varsa, razılaşmanı imzalamaq olar. Əgər sülh yox, müharibə istəyi varsa, bu, Ermənistana baha başa gələcək.

– Yeni müharibə ilə Ermənistan nəyə nail olmaq istəyir? Situasiyanı dəyişməkdə məqsəd nədir?

– Bu, əslində, xəstə erməni xisləti ilə bağlı olan məsələdir. Azərbaycanın qələbəsini, şərtlərini qəbul etmək istəmirlər. Nəyə məcbur olurlarsa da, onu Bakının diqtəsi ilə edirlər. Bunu həzm etmək niyyətləri yoxdur. Bu işdə Ermənistana havadarlıq edənlərin rolu az deyil. Azərbaycan əraziləri 30 il Ermənistan tərəfindən işğalda saxlanılıb. 44 günlük müharibə nəticəsində əraziləri geri qaytarmaq mümkün olub. İndi isə erməni tərəfi müharibədə almış olduğu məğlubiyyətə cavab olaraq revanşizmə can atır. Bu isə məntiqdən uzaqdır. Rəsmi Bakı tərəfindən dəfələrlə bəyan olunub ki, onun heç bir dövlətin ərazisinə iddiası yoxdur. Azərbaycan 2020-ci ildəki müharibədə özünün beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğaldan azad edib. Bunu qəbul etmirlərsə də, reallıq belədir. Əgər qarşı tərəf bu reallığı qəbul edə bilmir və yeni müharibəyə hazırlaşırsa, Azərbaycan buna da hazırdır. Növbəti dəfə alacaqları zərbədən özlərinə gələ bilməyəcəklər və alacaqları cavabdan bir daha Azərbaycan torpaqlarına baxmaq cürətləri olmayacaq. Artıq hər şey bitib. Bu onlara edilən son xəbərdarlıqdır.