Bakıda yaşayış binasının həyətində ilanlar peyda olub – VİDEO

0
471

Bakının Binəqədi rayonunda yaşayış binasının girişində ilanlar peyda olub.

Bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

Vətəndaş iddia edir ki, artıq iki həftədir ki, binanın qarşısında ilanlar gəzir:

“Biz Binəqədi rayonu, А.Kunanbayev küçəsi, 9/25 ünvanında yaşayırıq. Artıq iki həftədir ki, pəncərəmizin altında ilanlar peyda olub. Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) 80 saylı Mənzil-Kommunal İstismar Sahəsinə (MİKS) bununla bağlı müraciət etmişik. Müraciətimizə cavab olaraq, əvvəlcə buna qarşı heç bir dərman vasitəsinin olmadığını dedilər. Bütün sakinlər etiraz etdikdən sonra isə əraziyə idarənin əməkdaşları gəldi.

Binanın hər tərəfinə bilmədiyimiz və haqqında bizə məlumat verilməyən dərman vasitəsi səpdilər. Bildirdilər ki, daha ilanlar olmayacaq. Amma səhər yenidən eyni mənzərə ilə rastlaşdıq. İki həftədir ki, qorxu içərisində yaşayırıq. Uşaqları həyətə buraxa bilmirik. Bir hadisə olsa, nə edəcəyik?”

Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan  bildirildi ki, sözügedən ünvanda yaşayan sakinlərin şikayəti üzrə əraziyə baxış keçirilib və bütün zəruri tədbirlər görülüb:

“A.Kunanbayev küçəsi, 9/25 ünvanında ilanın olması və 80 saylı MİKS tərəfindən heç bir tədbir görülməməsi ilə bağlı iddialar yanlışdır. Məsələnin araşdırılması üçün Binəqədi rayon MKTB ilə əlaqə saxlanılıb. Bizə verilən məlumata görə, şikayətlə bağlı əraziyə baxış keçirilib. Sözügedən ünvanda Gəmiricilərə və zəhərli heyvanlara qarşı dezinfeksiya işləri aparan “Banu-L” MMC tərəfindən zəruri tədbirlər görülüb. Eyni zamanda, həmin ünvanda 70 sm uzunluğunda ilan zərərsizləşdirilərək götürülüb, ərazi yenidən dezinfeksiya edilib”.