Bakıda X Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib

0
404

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirilib.
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır.
Tədbiri festivalın direktoru Fehruz Şamıyev açaraq festivalın təşkilatçılarına təşəkkürünü bildirib. O, festivala marağın ildən-ilə artdığını və bunun da qürurverici olduğunu qeyd edib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək festivalın məsuliyyətli bir iş olduğunu söyləyib. Bildirib ki, festival gənc rejissorların öz fikir və təcrübələrini bölüşmək üçün əla bir platformadır. Onuncu dəfə keçirilən festivalın artıq beynəlxalq aləmdə uğur qazandığını deyən C.Quliyev ən güclülərin qalib seçilməsini arzulayıb.
Bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenari müəllifi İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı, kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan çox xarici festivalda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) festivalın əhəmiyyətini vurğulayaraq işinə uğurlar arzulayıblar. Bildiriblər ki, festivalda qalib seçilən filmlər “YouTube” və digər platformalarda təqdim ediləcək.
Diqqətə çatdırılıb ki, beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarətdir. Festivalın baş mükafatı “Qızıl nar” uğrunda 21 ölkədən 48 film yarışır. Mükafat uğrunda yarışan filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirirlər.
Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.
Qeyd edək ki, filmlər noyabrın 9-dək saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.