Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda pandemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında BŞİH-in strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Ilkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.
Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır:
“Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”.