Bakıda satılan paxlavanın qiyməti DODAQ UÇUQLATDI

0
18

Novruz bayramı ilə əlaqədar hazırda milli şirniyyatlarımız gündəmdir. Müasir dövrdə şəkərbura, paxlava və digər şirniyyatları evdə bişirə bilməyənlər onu almaq məcburiyyətində qalırlar. Alıcılar isə maraqlı rəqəmlər səsləndirirlər. Biri paxlavanın 1 kiloqramına 60 manat, digər 120-150 manat verdiyini deyir. Bəziləri bu rəqəmlərin şişirdilmiş olduğunu bildirir.

Novruz şirniyyatlarını almaq həqiqətən bu qədər baha başa gəlirmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, burada təəccüblü heç nə yoxdur.

Onun fikrincə, qiymətin baha olmasının əsaslı səbəbi var:

“Bilirsiniz, azad bazar iqtisadiyyatıdır və qiymətlər sərbəstdir. Hökumətin istədiyi odur ki, vergilər düzgün ödənilsin. İstehlakçı hüquqları, şişirdilmiş qiymətlər isə arxa plandadır. Kim-kimi necə istəyir aldadır.

Kapitalizm cəmiyyətinin mahiyyəti budur. Biznes qurumları da bundan gen-bol istifadə edirlər. Məsələn, iftar süfrəsi var ki, 1 nəfər üçün qiymət 120 manatdır. Buna nə ad verək? Bu kimi əcaib hallar çoxdur. Hökumət müdaxilə etmir, azad bazar iqtisadiyyatı adı qoyulub ortalığa. Lakin istehlakçıların soyulması prosesi baş verir. Azad İstehlakçılar Birliyi hökumətin bu siyasəti ilə qəti razı deyil. İstehlakçıların hər cür soyulması, mağazalarda piştaxtada qiymətin aşağı, çıxanda isə yüksək olması, almadığı məhsulun hesablanması ilə razı deyilik”.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, paxlavanın maya dəyəri o qədər də çox deyil ki, bu dərəcədə şişirdilmiş rəqəm təyin olunsun:

“120-150 manat kiçik bir rəqəm deyil. Əgər belə qiymətə paxlava varsa, deməli, onu maya dəyərindən təxmini on dəfə baha satırlar. Bu, yanlış yanaşmadır. Ola bilər, şəhərin müxtəlif yerlərində turistlərin olduğu ərazilərdə qonaqlardan daha çox pul qazanmaq üçün qiyməti şişirdirlər. Bu, yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkəsində turistlərin çox olduğu məkanda qiymətlər şişirdilmiş olur. Lakin nə qədər də şişirdilmiş olsa, paxlavanın 120 və ya 150 manata satılması absurddur”.

Mütəxəssis deyib ki, paxlavanı baha qiymətə satanlar birdən-birə milyonçu olmaq istəyirlər:

“Burda qiymət tənzimlənməsi düzgün planlanmayıb. Paxlavanın tərkibi üçün olan məhsullar arasında kərə yağı və qoz bahalı məhsullardır. O da bir kiloqram üçün 5 manatlıq qoz, 250 qram, yəni təxmini 5 manatlıq da yağ istifadə olunur. Bəli, bir az baha başa gəlir, amma 1 kiloqrama görə o qiymət elə də baha hesab olunmur. 1 kiloqram paxlavanın qiyməti 40-50 manata olsa, yenə nəzərə almaq olar. Bayram aylarında lap 55 manata olsun. Lakin 120 manat həqiqətən də çox şişirdilmiş və qəbulolunmaz bir addımdır”.