Bakıda salınan yeni parkın 70 faizi meşə zonası olacaq – FOTO

0
446

Bakıda salınan yeni meşə tipli parkda son tamamlanma işləri aparılır.

Yasamal rayonu Moskva prospekti 75 və 75 A ünvanlarında yerləşən binaların arxasında salınan yeni parkda son tamamlanma işləri aparılır. Sözügedən park 4 hektardan ibarətdir.

Ərazidə artıq yaşıl zolaqlar salınıb, istirahət üçün söhbətkeşlər, idman qurğuları və uşaq əyləncə əraziləri də tam hazırdır. Yeni park Bakıda ilklərdəndir, belə ki, meşə zonası parkın 70 faizini əhatə edəcək.

Meşə tipli parkın altı girişi nəzərdə tutulub. Əsas girişdə isə sakinlərin rahat əraziyə gəlib-getməsi üçün avtomobil dayanacağı inşa edilir.

Parkda təbii landşafta daha çox üstünlük verilib. Bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Meşə tipli park paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.

Xatırladaq ki, sözügedən layihənin bir hissəsi olaraq Bakının şimal girişi də abadlaşdırılır. Abadlaşdırma işləri Moskva prospektində binalar və onların ətrafında aparılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhərin şimal girişinin abadlaşdırılması BŞİH-in sifarışi ilə həyata keçirilir.

Moskva prospekti 75 və 75 A ünvanlarında yerləşən iki binada layihəyə uyğun yenilənmə işləri aparılır. Sözügedən ərazi Bakının girişi olduğu üçün orada estetik baxımdan abadlıq işləri aparılacaq. Abadlaşdırılacaq hər iki bina altı blokdan ibarətdir.

Hazırda burada ümumi istifadədə olan 12 blok, dam örtükləri və fasadların əsaslı təmiri həyata keçirilir.