“Bakıda Səadətimi tapdım” – Britaniyalı jurnalist futbol və Azərbaycan qaynanaları haqda

0
533

Britaniyalı jurnalist İan Piert həyatının 20 ilini Azərbaycanda keçirib. 2000-ci ilin baharında Bakıya gələn həmsöhbətimiz bir daha buradan getməmək fikrinə düşüb… və sözünə də sadiq qalıb

Günlərin birində İan oxuduğu qəzetdə maraqlı bir elana rast gəlir: “Bakıda ingilis dili dərslərini verməyə nə deyərdiniz?” İanı maraqlandıran ilk sual isə Bakının harada yerləşməsi olur, belə ki, o vaxta qədər şəhərimiz haqqında heç eşitməmişdi də. İnternetdə uzun axtarışlardan sonra Bakıda yaşayan uzaqdan-uzağa bir dostunu tapır. Azərbaycanın müsəlman ölkəsi olduğunu eşidən İan öncə geriyə çəkilmək qərarına gəlir, belə ki, bundan bir il öncə Səudiyyə Ərəbistanından qayıtmışdı. Amma dostu ona Azərbaycanın digər müsəlman ölkələrinə heç oxşamadığını və tamamilə fərqli ab-havaya malik olduğunu danışır. Londonda bütün müsahibələrdən keçəndən sonra təyinatını gözləyən İan bir axşam elektron məktub alır və 3 günə Bakıya uçmalı olduğunu öyrənir. Və bununla da onun Azərbaycan sərgüzəştləri başlayır.

O, Azərbaycana gəldiyi ilk günü hələ də xatırlayır – 14 aprel, 2000-ci il. Gecənin ortasında təyyarədən enən 49 yaşlı İanın ilk təəssüratları heç də xoş olmur. Hava limanından şəhərin mərkəzinə doğru zülmət qaranlıqda gedərkən yeganə fikri “Bəs elektrik enerjisi yoxdur?” olur. Amma Bakıda daha çox zaman keçirdikcə, yeni evinə alışdıqca? onun təəssüratları da dəyişir. Bir illik müqavilə ilə Bakıya gəlməsinə baxmayaraq, elə ilk həftə burada bir ildən daha çox qalacağına əminlik yaranır.

Səadət Bakıdan başlayır

“2000-ci il idi və “Əsrin Müqaviləsi”indən gəlirlər ölkəyə yeni daxil olmağa başlamışdı. İnfrastruktur da indiki kimi inkişaf etməmişdi. Köhnə mənzillərdən birində kirayə qalırdım. Telefonuma hər gün zəng gəlir, gah Eldarı, gah Vüqarı soruşurdular. Mən də başa salmağa çalışırdım ki, mən “inqlişəm””.

İan həyat yoldaşı ilə
© İAN PİERTİN ŞƏXSİ ARXİVİNDƏN
İan həyat yoldaşı ilə

Bir dəfə isə İan telefonun o başında kişi səsi yox, xoş qadın səsi eşidir. İanın ingilis olduğunu öyrənən xanım, özünün də ali məktəbdə ingilis ədəbiyyatını öyrəndiyini deyir. Azərbaycan ədəbiyyatını öyrənmək qərarına gələn İan xanımla tanış olur.

“Və beləliklə, 2000-ci il iyulun 8-də, saat 5-də Fəvvarələr Meydanındakı “McDonald`s”ın önündə mən öz Səadətimi tapdım”, – deyə qəhrəmanımız bölüşür.

İan ümumiyyətlə Azərbaycan mətbəxini çox sevir, xüsusilə də bu yeməklər onun qaynanası tərəfindən bişirilirsə. Amma hamımız bilirik ki, biz azərbaycanlılar yağlı yeməkləri çox sevirik, ingilis mədəniyyətindən gəlmiş biri üçün isə bu cür yağlı yeməklər “olmaz” sayılır.

“Bir axşam qaynanam xüsusilə dadlı bir yemək bişirmişdi. Və ən yaxşısını mənə verməyə çalışarkən qazanın dibindən yağı götürüb yeməyimin üzərinə gəzdirmişdi. Mənim üçün isə bu, gözlənilməz bir şey idi. Biz ümumiyyətlə yağın ürəyə ziyan olduğunu düşünürük. Təxmin edirəm ki, qaynanam mənim xarici, buna görə də bir az dəli olduğumu düşünüb”, – deyə İan xatırlayır.

Azərbaycan qonaqpərvərliyi ilə tanışlıq

Ümumiyyətlə, illər ötdükcə İan kişilərin Azərbaycan ailələrində çox ərköyün olduqlarına da fikir verir. Özü də yeməyin onun üçün bişirildiyini, paltarlarının ütüləndiyini, qabların onun üçün yuyulduğunu görür. Üç ildən sonra dərs dediyi məktəbdə adi müəllimdən icraçı direktor vəzifəsinə yüksələn İan hər yeni gələn müəllimə də məhz bunu başa salmağa çalışır.

“Təbii ki, azərbaycanlı kişi üçün bu, adi bir hal ola bilər, amma bir ingilis kimi mən bu qədərinə öyrəşməmişdim. Amma vaxt keçdikcə alışmağa başladım. Mən gələn digər müəllimlərə də başa salmağa çalışırdım ki, bəli, azərbaycanlılar olduqca qonaqpərvərdirlər. Bundan həzz almağa çalışın, amma sui-istifadə etməyin”.

İan Piert
© İAN PİERTİN ŞƏXSİ ARXİVİNDƏN
İan Piert

İanın Azərbaycanla bağlı sevdiyi ən əsas məqamlardan biri insanların səmimi olmasıdır. Getdiyi hər evdə çay süfrəsinə dəvət edilir, görüşdüyü hər insan onunla ünsiyyət qurmağa çalışır. Onun sözlərinə görə, buraya gələn bəzi turistlər bunun fərqinə varmırlar.

“Məsələn, bəziləri Mark Eliotun kitabını əlinə alır, oradakı bütün yerlərə bir-bir getməyə çalışırlar. Deyək ki, Lahıca gəliblər. Oradakı bütün abidələri görmək və emalatxanalarda olmağa tələsirlər. Yerli əhalidən kimsə onlara çay təklif etsə, onlara tərəf baxmazlar heç. Mark isə mənə həmişə deyir ki, kimsə sənə çay təklif edirsə, mütləq get! Çünki mənim kitabımda olanlardan qat-qat daha maraqlı rəvayətlər və söhbətlər tapacaqsan”, – İan bölüşür.

Səttarın axtarışında

Qəhrəmanımızın Bakıda ən çox sevdiyi şeylərdən biri heykəllərdir və düşünür ki, bakılılar çox vaxt bizi əhatə edən bu abidələri görməzdən gəlirlər. Bəlkə də, artıq çoxdan öyrəşmişik. İan danışır ki, İngiltərədə heykəllərin çoxu əsgərlərə, generallara həsr edilib. Bakıda isə hər şey başqa cürdür. Buradakı heykəl və abidələrin çoxu mədəniyyət xadimlərinə həsr olunub. Bunlara baxdıqca, İan Ömər Eldarovun yaradıcılığı ilə tanış olur və onun pərəstişkarlarından birinə çevrilir.

Günlərin birində qəzetdə Səttar Bəhlulzadənin qəbri üstündəki abidəni görür. İan Səttarın qəribə və hətta dərviş kimi bir insan olduğunu bilirdi, şəkildə gördüyü abidə isə onun fikrincə, dahi rəssamı olduğu kimi təsvir edə bilmişdi. Amma iş ondadır ki, İan qəzetdə bu heykəlin harada yerləşdiyi, Səttarın harada basdırıldığı haqda heç bir məlumat tapmır. Bu əsəri mütləq öz gözləri ilə görmək istəyən İan onun axtarışına başlayır. İlk məntəqə, təbii ki, Fəxri Xiyaban olur. Uzun axtarışlardan sonra Səttarın qəbrinin orada olmadığını görən İan bu dəfə də ikinci Fəxri Xiyabana üz tutur. Axtardığını burada da tapmayanda rəssamın əmircanlı olduğunu xatırlayır və…

Bol-bol şəkil çəkəndən sonra avtobusa minmək üçün kəndə geri qayıdır və canlı musiqi sədaları eşidir. Marağı getdikcə artan İan musiqinin haradan gəldiyini öyrənmək qərarına gəlir. Sən demə, qəhrəmanımız Novruz şənliklərinin tən ortasına düşübmüş. Şənlik keçirilən həyətdə yeganə fotoaparatlı insan olduğuna görə oradakı hər kəsin şəklini bir-bir çəkir, daha sonra isə onu ağsaqqal üçün açılmış xüsusi masa arxasına oturdurlar. Bir neçə həftə sonra isə İan oraya yenidən qayıdır, bu dəfə həyat yoldaşı Səadətlə və bir qovluq dolu şəkillə. O günlərdə rəqəmsal şəkillər hələ məşhur deyildi və biz şəkillərimizi hələ də kağızda çap etdirirdik. İan və yoldaşı qapı-qapı gəzir və hər kəsə şəkilləri paylayırlar.

“Mən o gün, deyəsən, 25 kilo kökəldim. Demək istədiyim odur ki, bu cür hadisələr hər zaman baş verir. Mark tamamilə haqlı idi. İnsanlar mütləq səninlə danışmağa başlayır və sənə çay təklif edirlər. Əgər bu baş verirsə, mütləq get! Mənim üçün bu, çox təəccüblü idi. Mən İngiltərənin şimalındanam və oranın insanları da qonaqpərvərdirlər, amma orada sən tanımadığın insanın evinə gedib çay içə bilməzsən”, – İan deyir.

Azərbaycan mədəniyyətinin “Stinq”i

İan Azərbaycanda bir çox “ilk”lə qarşılaşır və bunlardan biri də Azərbaycanın muğamı olur. Onun muğamla tanışlığı isə məhz Alim Qasımovdan başlayır.

Təbii ki, bu konsertdən sonra İan Alim Qasımovdan müsahibə almaq istəyir. Belə ki, İan çoxdan müəllimliyin daşını atıb, burada jurnalist kimi fəaliyyət göstərir və Azərbaycan haqqında möhtəşəm məqalələr yazır. Yoldaşı Səadət ona Alim Qasımovun yoldaşının nömrəsini tapır və onları müsahibə üçün xanəndənin evinə dəvət edirlər.

“Mənim üçün bu, ağlabatmaz bir hal idi. Mən elə bilirdim, biz onun ofisinə və ya studiyasına gedəcəyik. Bizi isə evə dəvət etmişdilər. Siz buna azərbaycanlı gözü ilə baxırsınız, mən isə ingilis prizmasından. Təsəvvür edin, Stinqdən müsahibə götürmək istəyirəm. Deyəcək, “adə, sən kimsən?” Mənim gözümdə Alim Qasımov Azərbaycanda Stinq miqyasında bir superulduzdur”, – İan müqayisə aparır.

İan Səttar Bəhlulzadənin heykəlinin yanında
© İAN PİERTİN ŞƏXSİ ARXİVİNDƏN
İan Səttar Bəhlulzadənin heykəlinin yanında

Onu çay süfrəsi ilə qarşılayacaqlarını İan yaxşı bilirdi. Amma bu qədərini gözləmirdi. Xanəndənin vaxtını almaq istəməyən britaniyalı jurnalist ona sual verməyə çalışır. Alim Qasımov isə onu musiqi otağına çağırır və musiqi “qonaqlığı” verir: “Alim Qasımov saz çalırdı, nəvəsi isə ifa edirdi. Heç bilmirəm, orada nə qədər qaldıq, məncə, bir saatdan çox olardı. Onun saz çaldığını da bilmirdim, elə hey musiqiyə qulaq asırdım”.

Bundan sonra xanəndənin müsahibəyə hazır olduğunu düşünən İan bir daha yanılır. Bu dəfə də onu süfrə arxasına dəvət edirlər. Bütün suallar yalnız əsl Azərbaycansayağı ziyafətdən sonra verilir.

“Məndən soruşanda ki, mən əcnəbilərə Azərbaycan haqqında nə danışıram… Əgər qulaq asmaq istəyirlərsə, onlarla bu hadisəni bölüşürəm. Çünki mənim gözümdə Azərbaycan məhz budur!”

Həqiqətlərin çatdırılması

Ümumiyyətlə, İan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında danılmaz əmək sərf edir və bunun siyasi yollardan başqa, mədəni vasitələrlə edilməsinin düzgün olduğunu hesab edir. İllərlə “Visions of Azerbaijan” jurnalı üçün məqalələr yazandan sonra orada redaktor vəzifəsində çalışmağa başlayır və ölkəmizi qarış-qarış gəzərək, hər guşəsindən məqalələr hazırlayır. Onun üçün bu, həm də Alim Qasımov, İsfar Sarabski kimi maraqlı insanlarla tanış olmaq, onlarla söhbətləşmək imkanı yaradır.

İan haqqında danışarkən onun ən böyük sevgisini də yaddan çıxarmaq olmaz. Britaniya vətəndaşının ən böyük sevgisi nə ola bilər axı? Təbii ki, futbol. Uzun illər doğma şəhərinin komandası olan “Wolverhampton Wanderers”ə azarkeşlik edən İan çox keçmədən sevimlilər siyahısına daha bir komanda əlavə edir – “Qarabağ”. Və onun ən böyük arzularından biri bu iki komandanın bir meydançada oynamasını görməkdir. Deyir ki, belə bir oyun olsa, mütləq hər iki komandanın şərflərini taxıb, baxmağa gedəcək.

İanla müsahibə
© SPUTNİK / TALEH MAHMUDOV
İanla müsahibə

Amma İanın dünyasında futbol oyun olmaqla yanaşı, həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əla vasitədir. Söhbətin məhz bu yerində İan “Azərbaycan Gündəlikləri” kitabının müəllifi Tomas Qoltsun “Qarabağ” futbol klubu haqqında çəkdiyi filmi xatırlayır. Tomasın futboldan başı çıxmırdı, İan isə əsl futbol və Azərbaycan pərəstişkarı kimi ona bu yolda kömək etməyə çalışırdı. Tomas üçün ən əsas məqam futbol vasitəsilə Qarabağ həqiqətlərini üzə çıxarmaq idi.

“Tomasın və bu filmin əsas şüarı “Qarabağ, öz ev meydançasında oynaya bilməyən komanda” idi və mənim fikrimcə, əla hekayə alınıb”, – deyə İan xatırlayır.

Azərbaycanda doqquz il ingilis dili müəllimliyindən sonra İan jurnalist və redaktor kimi işləyir. O, Azərbaycan haqqında yüzlərlə məqalənin müəllifi, onlarla kitabın redaktorudur. Ən əsası isə onu əminliklə Azərbaycan üzrə mütəxəssis adlandırmaq olar. Biz isə ona gördüyümüz ən səmimi müsahibələrdən biri üçün dərin minnətdarlığımızı bildiririk.