Bakıda qlobal istiləşməyə “SU SƏPİLƏCƏK”: 198 ölkədən 100 min nümayəndə gəlir

0
240

COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır.

Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir.

COP29 olaraq adlandırılacaq konfrans isə 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilib.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir:

“Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov əlavə edib ki, COP29 dünyanın miqyasına görə və eyni zamanda iştirakçılıq səviyyəsinə görə, həm də statusuna görə ən böyük tədbirlərindən biridir:

“Nəzərə alsaq ki, son iki COP tədbirlərində 70 və 100 min arası iştirakçı olur, 50-dən artıq dövlətin rəhbərləri iştirak edir, bu baxımdan təbii ki, COP29-a ev sahibliyi etmək bir tərəfdən dövlətə ölkəyə olan inamdır. Digər tərəfdən həmçinin təbii ki, ölkənin təqdimatıdır. Ona görə təbii ki, Azərbaycanın COP29 ev sahibliyi etməsi tarixi bir hadisədir. Bu bir tərəfdən Azərbaycanın gücünü, nüfuzunu göstərir. Digər tərəfdən isə COP29 Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq həm də xarici siyasətimizdə uğur kimi qiymətləndirilməlidir. Çünki sistemli şəkildə COP29-a ev sahibliyi edilməsi ilə bağlı fəaliyyətlər həyata keçirilib. Nəticədə bununla bağlı qərar verdi. Bu həm də təbii ki, Azərbaycanın potensialını daha yaxından təqdim edilməsinə imkan verəcək. Regionda miqyasına görə bu miqyasda konfrans tədbiri təşkil edilməyib. Ona görə də regionda təşkil edilən beynəlxalq tədbirlər baxımından xüsusi bir tədbirdir.

Dünyanın heç bir ölkəsi kifayət qədər böyük iştirakçı sayı və statusu olan belə bir tədbirə ev sahibliyi qazanmayıb. Ona görə Azərbaycan təbii ki, COP29-un uğurla təşkil edilməsi ilə bağlı artıq fəaliyyətə başlayıb. Azərbaycanın bu tədbiri necə təqdim etməsi də vacib məsələlərdəndir. Çünki bu, Azərbaycanın potensialı və eyni zamanda sərmayələrin cəlb edilməsinə imkan yaradan bir tədbir olacaq. Bununla yanaşı, bu tədbir bir tərəfdən də turizmin inkişafını stimullaşdıracaq. Belə tədbirlər sonradan gəlmə turizm üçün yeni imkanlar yaradır və ölkəyə gələnlərin sayının artmasına səbəb olur. O baxımdan turizm sektoru, xidmət sektoru, eləcə də iqtisadiyyata sərmayə qoyuluşu aspektindən kifayət qədər ciddi təsirləri olacaq”.

11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.