8 gündür Bakıda oğurlanan iki yaşlı oğlanın ailəsi digər övladlarını sığınacağa yerləşdirib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, sözügedən ailə televiziya proqramlarından birinə müraciət edib və uşaqları qoymaq üçün sığınacaq axtarıb:
“Ailə könüllü olaraq uşaqlarını sığınacağımıza gətirib. İlkin məlumat kimi onu deyə bilərəm ki, uşaqlar və valideynləri gigiyenik cəhətdən çox pis vəziyyətdə idilər. Ailənin 4 uşağı var, onlardan biri ağır fiziki məhdudiyyətlidir. Sığınacaqda baxımı mümkün olmadığından uşağı götürə bilmədik. Digər 3 uşaq – biri qız, ikisi oğlan olmaqla sığınacağa qəbul etdik. Qız 8 yaşdan yuxarıdır, lakin fikrini aydın ifadə edə bilmir.
Vəziyyətləri yaxşı deyil, sanki nədənsə qorxurlar. Amma bu, ilkin təəssüratdır. Bilmirik nədən qorxurlar, bunun cavabı psixoloqların müşahidəsindən sonra məlum olacaq. Lakin ilkin təəssürat odur ki, uşaqlar zorakılığa məruz qalmış ola bilər”.