Bakıda modul tipli xəstəxanalarda kütləvi zəhərlənmə barədə TƏBİB-dən AÇIQLAMA – YENİLƏNİB

0
428

9 dekabr tarixində Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 
 
Paytaxtdakı modul tipli xəstəxanalarda zəhərlənmə ilə bağlı iddialar təsdiqini tapıb:

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb. Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib. TƏBİB nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb

11:52

Bu gün sosial şəbəkələrdə modul tipli xəstəxanalarda kütləvi zəhərlənmənin baş verdiyi ilə bağlı iddialar paylaşılıb. 

İddiaya görə, zəhərlənmə Abşeronda və Sarayda yerləşən modul tipli xəstəxanalarda qeydə alınıb. İlkin ehtimala görə, zəhərlənmə qidalarla əlaqəli olub. Zərərçəkənlərin isə modul tipli xəstəxanalarda çalışan işçilər və müalicə alan xəstələr olduğu deyilir.

TƏBİB-dən verilən məlumata görə, sözügedən iddialarla bağlı araşdırma aparılacaq.