Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir

0
675

23-də Bakıda MDB dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda MDB-yə üzv ölkələrin – Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri, həmçinin MDB-yə üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosunun və Müstəqil Dövlətlər Birliyinin sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak edirlər.

MDB dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin ölkəmizdə keçirilən sayca 4-cü iclasında region ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə dair fikir mübadiləsi aparılır, işçi qruplarının məruzələri dinlənilir, əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilir.

Qeyd edək ki, may ayının 21-dən etibarən işçi qrupların iclasları başlayıb. İclaslarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, analitik informasiya və internet məkanında hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq, eləcə də digər məsələlər müzakirə olunub.