Yasamal rayonu 167 saylı məktəbdə iki gündür işıq yanmır.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, şagirdlər məktəbdə lövhəni görə bilmək üçün fənərlərdən istifadə edirlər.
Məsələ ilə bağlı sözügedən məktəbdən bildirilib ki, təhsil müəssisəsinin yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib: “Azərişıq” ASC-nin əməkdaşları problemi həll etməyə çalışdıqlarını bildiriblər. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur”.
Bakı Şəhər Təhsil İdarəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 167 nömrəli tam orta məktəbin elektrik enerjisi ilə təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub:
“Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir”.