Bakıda keçirilən aksiyada ictimai qaydanı pozan bir qrup şəxs həbs olunub – YENİLƏNİB + VİDEO

0
643

Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.

Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək,  Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib

Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub. Onlardan bir qrupu şübhəli şəxs qismində istintaqa cəlb olunaraq, törətdikləri əməlləri sübuta yetirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib.

Məhkəmənin müvafiq qərarları onların hər biri barəsində üç aylıq həbs-qəti imkan tədbiri seçilib.

Hazırda qanunsuz  hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.