Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi, 12-ci, 13-cü və 14-cü polis bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı Ramana qəsəbəsindəki üç kafedə 19 nəfər, Sabunçu qəsəbəsi şəhər şosesində yerləşən digər kafedə yeddi nəfər, Bakıxanov qəsəbəsində bir restoranda 11 nəfər müəyyən olunub.
Restoran və kafelərdə sanitar-epidemioloji normaları pozan 37 nəfər müvafiq polis bölmələrinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalı zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.
İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.