Bir müddət əvvəl İran KİV-lərində Bakıdakı İran mülklərinin müsadirə edilməsi haqda xəbərlər yayılmışdı. Mövzu yenidən müzakirə olunur.
“İran diplomacy” xəbəri qismən təsdiqləyir, amma xəbərdə şişirtmələr olduğunu da etiraf edir. Bu halların son iki ildə baş verdiyi bildirilir. Səid Səfəri adlı ekspert Bakının ölkə ərazisinə daxil olan səkkiz İran obyektini müsadirə etməsi ilə bağlı xəbəri şok hesab edir. Çünki onun fikrincə, bu halda İranın imicinə ciddi ziyan dəyəcək.
“Azərbaycanın Tehrandakı səfirliyinə Bakı Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən şübhəli hücumdan sonra və Təl-Əvivdə Azərbaycan səfirliyinin açılışı ərəfəsində Azərbaycan hakimiyyətinin İrandakı lobbilərinin köməyi ilə səfirlik üçün yeni əmlakın alınması da daxil olmaqla, Tehrandan böyük xallar əldə etdi”- deyə Azərbaycanı ittiham edən mətndə bildirilir.
Azərbaycanofob “ekspert” Əhməd Kazemi də “Sharqdaily”-yə müsahibəsində İrandaxili siyasi vəziyyəti patoloji “oxuyur”, “Bakının dağıdıcı siyasətinə bəraət qazandırmağa çalışan Azərbaycan lobbisinin İrandakı dağıdıcı rolu”ndan bəhs edir.
Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətiyə yaxın olan “Fərhixteqan” qəzeti də Azərbaycanı İrana məxsus əmlakları mənimsəməkdə və mədəniyyət obyektlərini möhürləməkdə ittiham edib.
Hələ bir il əvvəl “Etemad Online” “Yeni oyun: Azərbaycan Bakıda İran daşınmaz əmlakını mənimsəməyi planlaşdırır?!” adlı yazısında “məlumatlı mənbəyə” istinadən bildirirdi ki, “İranın Bakıda sahib olduğu bir çox mülkləri var və son hadisələr Azərbaycan tərəfinə İran hökumətinə məxsus mülkləri mənimsəmək üçün birtərəfli və tələsik bəhanə yaradıb.
“IranWire”-ın hüquq müşaviri Mussi Bərzinin fikrincə, Azərbaycan Respublikasında Əl-Mustafa Universiteti binası kimi bir əmlakın alınması və ya icarəyə verilməsi bu yerin diplomatik olduğuna işarə deyil. Diplomatik binaya səfirlik və ya konsulluq işlərinin həyata keçirilməsi üçün alınmış və ya icarə götürülmüş əmlak daxildir. “Əgər əmlak İran hökumətinin adına rəsmiləşdirilibsə, bu hələ diplomatik yer sayılmır. Bu obyektlər iki ölkə arasındakı razılaşmaya əsasən diplomatik yerlərin sayına daxil edildikdə Vyana razılaşmasına görə, Azərbaycan bu əmlakı müsadirə edə bilməz. Necə ki, Amerikanın İrandakı səfirliyi illərdir bağlanıb və ya İranın ABŞ-dakı səfirliyi bağlanıb, lakin bu hökumətlərin heç biri beynəlxalq hüquqa zidd olduğu üçün bu səfirliklərin mülklərini müsadirə etməyib”.
Göründüyü kimi, söhbət diplomatik toxunulmazlığı olan əmlakdan deyil, hansısa QHT-lərin, güman ki, Azərbaycan vətəndaşlarının adına alınmış mülklərlə bağlı məhkəmə qərarlarından gedir. Detallar bəlli olmasa da, ehtimal ki, həmin mülklər söküntü planına düşən ərazilərdə yerləşir və ya icarə müddətləri bitdiyindən, şəxslər öz mülklərini geri istəyirlər. Məsələn, Əl Mustafa Universiteti deyilən bina şəhərin söküntüyə düşmüş ərazisindən yerləşirdi, heç universitet kimi rəsmi qeydiyyata da alınıb fəaliyyətə başlamamışdı. Amma nədənsə adi hüquqi prosedur İranda diplomatik toxunulmazlığı olan mülklərin müsadirəsi kimi təsvir olunur. Həm də bu, Tehranda Azərbaycanın yeni mülk alması haqda xəbərlərlə paralel təqdim olunur, sanki “Azərbaycan lobbisi” adını verdikləri sehrli qüvvə Tehranı Bakı qarşısında sıxışdırılmış, məğlub edilmiş hala salıb. Halbuki hansısa xüsusi mülk əldə edilməsindən deyil, səfirliyimizin daha təhlükəsiz yerdə fəaliyyət göstərməsi üçün tələb qoyulduqdan sonra, Azərbaycana təklif edilən nisbətən daha geniş əmlakdan söhbət gedir. Elə isə bu ajiotajın məqsədi nədir? Həm az qala bütün rəsmi təmaslarda səfirliyin açılmasın gündəliyə gətirib, həm də səfirliyin normal fəaliyyəti üçün geniş və təhlükəsiz yer verməmək üçün belə kampaniya aparmağın mənası nədir? Bu ölkədə xarici siyasəti kim müəyyən edir-İranın milli maraqlarını düşünənlər, yoxsa hakimiyyətin müxtəlif pillələrində lövbər atmış anti-Azərbaycan lobbiləri?