Bakıda Dünya Türk Biznes Şurasının toplantısı keçirilib

0
589

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib

Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi – DTİK) toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib.
Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması, ölkələrimizin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Dünya Türk Biznes Şurasının sədri Nail Olpak bildirib ki, 2007-ci il dekabrın 26-da Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində yaradılan Dünya Türk Biznes Şurasının məqsədi xaricdə pərakəndə formada təşkilatlanan, türk lobbisinin fəallaşdırılması üçün çalışan və beynəlxalq şirkətlərdə söz sahibi olan türk iş adamlarını bir platforma ətrafında toplamaqdır.
Çətin vəziyyətlərdə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və Türkiyənin də Azərbaycana lazımi köməyi heç vaxt əsirgəmədiyini qeyd edən N.Olpak deyib: “Ölkələrimiz birgə ticari fəaliyyəti göstərdikləri üçün qardaş deyil, qardaş olduqları üçün qarşılıqlı ticarət aparırlar. Bu əlaqələri daha da inkişaf etdirmək üçün çalışacağıq. Dünya Türk Biznes Şurası bütün türk dünyasının xaricdə fəaliyyət göstərən iş adamlarını əlaqələndirməyi, problemlərin həlli istiqamətində kömək göstərməyi, türk lobbisini xaricdə geniş ictimaiyyətə tanıtdırmağı, mövqelərini daha da möhkəmləndirməyi hədəfləyib”.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Görüş iştirakçılarını salamlayan Türkiyə Prezidenti deyib: “Sizi öz vətənimizdən ayırmadığımız Azərbaycanda salamlayıram. Burada özümüzü qonaq kimi yox, öz evimizdəki kimi hiss edirik. İndi təbii ki, Türk Şurasının Zirvə Görüşündə “Biz altı dövlət, yeganə millətik” deyirik. Azərbaycan kimi Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı və Türkmənistanı özümüzdən ayrı hiss etmirik”.
Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Zirvə Görüşünün türk dünyasında iqtisadi və ticari əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: “Eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlar birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlirlər. VII Zirvə Görüşünü keçirəcəyimiz Türk Şurası bu istiqamətdə son zamanlarda tətbiq etdiyimiz ən mühüm əməkdaşlıq mexanizmidir. Bu yaxınlarda Özbəkistan Şuraya tamhüquqlu üzv qəbul edilib və Macarıstanın Şuraya müşahidəçi üzv kimi qəbul edilməsi təşkilatın gələcəyi üçün mühüm uğurdur. Bu il 10 illik yubileyini qeyd edən Türk Şurasının Türkmənistanın tamhüquqlu üzvlüyü ilə öz mövqeyini möhkəmləndirəcəyinə inanıram. Məqsədimiz və arzumuz tək bir qardaşımızın və soydaşımızın da kənarda qalmadığı güclü və əhatəli bir birlik yaratmaqdır”.
Türkiyə Prezidenti 300 milyonluq türk dünyasının nəhəng potensialını yalnız bu şəkildə reallaşdırılacağını qeyd edərək deyib ki, bu potensialdan istifadə baxımından 15-20 il əvvələ müqayisədə çox böyük məsafə qət etmişik, lakin iş dünyasının lokomotiv rolunu oynamadığı hər bir layihə yarımçıq qalmağa məhkumdur. Nə qədər ki, siyasi və mədəni əlaqələr möhkəmdir və ticari əməkdaşlıq tərəfindən dəstəklənir, onlar böhranlar və sarsıntılara qarşı müqavimət göstərə bilirlər. Buna görə də biznes dünyasını bir araya gətirən bu fəaliyyətə böyük əhəmiyyət veririk. Eyni zamanda, birgə nəqliyyat layihələri ilə ölkələrimiz arasındakı məsafələri də qısaldırıq.
Rəcəb Tayyib Ərdoğan Dünya Türk Biznes Şurasının xaricdə yaşayan bütün türklər üçün istinad və görüş yeri olduğunu vurğulayaraq deyib: “Xaricdəki bütün sahibkarlarımızı Dünya Türk Biznes Şurasına üzv olmağa dəvət edirəm. Bu həqiqəti hər zaman yadda saxlamalıyıq. Türkiyə və Azərbaycan türklərinin yaşadıqları ölkələrdə “Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdikləri təqdirdə öhdəsindən gələ bilməyəcəkləri maneə yoxdur. Türk dünyası nə qədər güclü olarsa, türk diasporu bir o qədər güclü və gələcəyinə daha inamlı olar”.
Türkiyənin coğrafi mövqeyi ilə əlaqədar terror təhdidinə daha çox məruz qaldığına diqqəti çəkən Rəcəb Tayyib Ərdoğan bildirib: “Türkiyə təxminən 40 ildir fasiləsiz terrorizmlə mübarizə edir. Türkiyə terror təşkilatları ilə mübarizədə on minlərlə vətəndaşını qurban verib. Oktyabrın 9-da başladığımız “Sülh çeşməsi” əməliyyatı ilə Fərat çayının şərqini terrorçulardan təmizləmək istəyirik. Əməliyyatın məqsədi Suriyanın şimalında PKK/YPG terror təşkilatı təhlükəsinin aradan qaldırılmasıdır. Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm. Türkiyə bu əməliyyatla Suriya sərhədindəki terrorçuları məhv edərək ölkədəki qaçqınların öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq. Türkiyə bu əməliyyatları bütün təzyiqlərə baxmayaraq, sonadək davam etdirəcək”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək deyib ki, xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının üzərinə çox ciddi missiya düşür: Belə bir dövrdə dövlətlərarası dostluğun diaspor təşkilatları arasında da formalaşdırılması zərurətdir. Bu zərurəti Prezident İlham Əliyev hələ 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısındakı çıxışı zamanı aydın şəkildə səsləndirib və strateji bir vəzifə kimi qarşıya qoyub.
Komitə sədri qeyd edib ki, istər Azərbaycan, istərsə də digər dövlətlər və qeyri-dövlət qurumları tərəfindən türksoylu xalqların birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu tərəfindən birgə layihələr reallaşdırılır, ortaq mədəni dəyərlərin paylaşılmasına xidmət edən tədbirlər təşkil edilir. Bütün bunlar türk dünyasının birliyinə xidmət edir. Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi tərəfindən 15-ci “Türk dünyasına xidmət” mükafatının Fondun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təqdim edilməsi də bunu bir daha təsdiqləyir.
“Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor fəaliyyətinin əlaqələndirilməsi, türk dünyasının birləşmiş diaspor hərəkatının formalaşdırılması istiqamətində ardıcıl işlər görülür. Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Dünya azərbaycanlılarının şəbəkələşməsi, türk dünyası birliyinin möhkəmləndirilməsi üçün bütün mümkün olanları edirik və bu işlər ardıcıl şəkildə aparılır. Bu istiqamətdə türkiyəli qardaşlarımızla birlikdə Bakıda, Ankarada, Almaniyada, bu günlərdə isə ABŞ-da təcrübə mübadiləsi, potensial artırma təlimləri və digər müxtəlif tədbirlər keçirilib. Bütün tədbirlərdə türkiyə diasporu, türk qardaşlarımız, diplomatik korpus çox fəal şəkildə iştirak ediblər. Eyni zamanda, Türk dünyasında baş verən aktual və əhəmiyyətli xəbərləri, Türkiyə və Azərbaycan diasporunun fəaliyyəti haqqında məlumatları özündə əks etdirən “Türkiyə-Azərbaycan” jurnalının nəşrinə başlanılıb. Jurnal Türkiyədə, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dövlət və ictimai qurumlara, diaspor təşkilatlarına pulsuz paylanılır. Bütün bunlar xalqlarımızın, diasporlarımızın birliyinə xidmət edir və oxşar təcrübənin digər türkdilli ölkələrlə də həyata keçirilməsi nəzərdə tutulur”, – deyə F.Muradov vurğulayıb.
Diqqətə çatdırılıb ki, komitənin xaricdəki tədbirlərində Dağlıq Qarabağ münaqişəsi, Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünyaya bəyan edilməsi ilə yanaşı, qondarma “erməni soyqırımı” məsələsi də daim beynəlxalq ictimaiyyətə çatdırılır. Qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir faktın olmadığı konkret sənədlər əsasında dünyaya bəyan edilir. O cümlədən, türkiyəli dostlar da, diaspor təşkilatları da daim bu məsələlərə ortaq problem kimi yanaşır.
Komitə sədri deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi olaraq ümumtürk diasporunun formalaşdırılması üçün əməli addımlar üzərində müzakirələr aparılır. İlkin mərhələdə, türk diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması nəzərdən keçirilir. Komitə tərəfindən “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və gələcək fəaliyyətin Yol Xəritəsinə uyğun qurulması ilə bağlı ilkin razılıq əldə olunub. Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş komitə ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır.
Tədbirdə Türkiyə və Azərbaycan biznes dairələrinin və təşkilatlarının nümayəndələri, akademiklər və rəsmi qurumların təmsilçiləri türk dünyasının birliyindən, Türk Şurasına üzv ölkələrin siyasi və iqtisadi əlaqələrinin inkişafından danışıb, birgə diaspor fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.