Bakıda dələduz dövlət qurumunun adından istifadə edib vətəndaşlardan pul aldı

0
314

Bakıda dələduz xeyli sayda insanı aldadıb.

Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində yaşayan sakinlərdən birinin sözlərinə görə, özünü “Azəriqaz” İstehsalat Birliyinin (İB) nümayəndəsi kimi təqdim edən şəxs onlardan sayğacın dəyişdirilməsi üçün pul alıb:

“Bizdə hazırda mexaniki qaz sayğacıdır. Özünün “Azəriqaz” İB-nin əməkdaşı kimi təqdim edən şəxs hazırkı sayğacları Smart-kart tipli sayğaclarla əvəz edəcəyini deyərək bizdən 100 AZN məbləğində pul alıb. Şəxsin foto və videogörüntüləri var. Biz bu barədə rəsmi olaraq Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə də müraciət etmişik”.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərova sorğu ünvanladıq. O, bildirib ki, üç gün əvvəl quruma bu barədə bir neçə abonent tərəfindən şikayət daxil olub:

“Abonentlərdən daxil olan şikayət əsasında bizə verilən ad və soyada uyğun olaraq araşdırma aparıldı. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aparılan araşdırma nəticəsində bizim belə bir işçimizin olmadığı məlum oldu. Abonentləri diqqətli olmağa çağırırıq. Bu kimi dələduzluğa aldanan abonentlər olub. Biz onlara da rəsmi olaraq hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermələrini tövsiyə etmişik. Vətəndaşlar əməkdaşlarımızdan sənəd tələb edə bilərlər. Saxta sənəd həmin dəqiqə hiss olunur. Eyni zamanda sakinlər ərazi üzrə xidmət aparan qurum əməkdaşlarını da yaxşı tanıyırlar. Bu kimi hallarda diqqətli olmaqda hər zaman fayda var”.

C.Səfərov onu da qeyd edib ki, “Azəriqaz” İB-nin nümayəndələrinin abonentdən ödəniş almaq hüququ yoxdur:

“Heç vaxt bizim qurumun əməkdaşlarına pul vəsaiti verməyin. Əməkdaşlarımızın abonentlərə ödənişli xidmət göstərmək kimi səlahiyyəti yoxdur. “Azəriqaz” İB-i abonentlərlə müqavilə əsasında yalnız qazın alqı-satqısını həyata keçirir. Bu həm əhali, həm də qeyri-əhali qrupuna aiddir. Təkrar edirəm ki, bənzər hallarla rastlaşan abonentlər bu barədə polisə, hətta Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də qaynar xəttinə müraciət etsinlər”.