Bu gün Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı start götürəcək.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi yarışda 22 ölkədən 171 idmançı qüvvəsini sınayacaq.
3 gün davam edəcək mundialda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək.
Azərbaycanı fərdi proqramda Nurcan Cabbarlı, Vladimir Dolmatov, qarışıq cütlükdə Mədinə Mustafayeva – Vladimir Dolmatov, qrup yarışlarında Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədova, aerodansda Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli, Ayxan Əhmədli təmsil edəcək.
Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.