Bakıda 60-dan çox bina söküləcək – Eldar Əzizov kompensasiya məsələsinə aydınlıq gətirdi

0
77

Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsi Maliyyə Nazirliyi tərəfindən tənzimlənir və bu proses bazar qiyməti əsasında aparılır”.

Bunu açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Paytaxtda söküləcək binalarla bağlı danışarkən E.Əzizov vurğulayıb ki, köhnə binaların da insanlar kimi əvvəli və axırı var: “Köhnə binalar sökülür, onların yerində yeni binalar tikiləcək. Aparılan siyasətin nəticəsidir ki, bu gün Bakı şəhəri genişlənir, gözəlləşir”.

Qeyd edək ki, Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparırlar. Bu binaların sakinləri mənzillərin müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər.

“Böyük Bakının Regional İnkişaf Planı”na əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnventarlaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub.

Bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb.

Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə hər kvadratmetrinə görə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binaların hansı ərazidə yerləşməsi də nəzərə alınacaq.

İkinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binaların tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.