Bakıda 52 kilometrlik yolun təmiri yekunlaşır – FOTO

0
291

Xəzər rayonunda 52.4 km uzunluğa malik küçə və yolda aparılan təmir işləri bitir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən, həmçinin 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilərək yekunlaşdırılır.

İmzalanan sərəncama əsasən, agentlik tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib.

Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq sözügedən rayonun Binə, Türkan və Zirə qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 34.4 km uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq bitmək üzrədir.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Proqrama uyğun olaraq, Xəzər rayonu Binə qəsəbəsində 12.6 km-lik Südçülük sovxozu, Ramana və Atçılıq yaşayış massivlərinin daxili küçələri, həmçinin 1.4 km uzunluğa malik Babək və Musabəyov küçələrində, Türkan qəsəbəsində ümumi uzunluğu 8.9 km olan döngələri ilə birgə Xanlar küçəsi, Vərəm sanatoriyasının ətrafındakı küçələr və Üzümçülük sovxozunun daxili küçələrində, Zirə qəsəbəsində isə ümumi uzunluğu 11.6 km olan Yeni yaşayış və Südçülük sovxozu yaşayış massivlərinin daxili küçələrində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşır.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində ümumi uzunluğu 51 km olan küçə və yolda təmir işləri aparılıb.