Bakıda ən bahalı torpaq harada satılır? – SİYAHI

0
84

Bakıda əmlak bazarında torpağın qiyməti açıqlanıb.

Paytaxtın mərkəzi hissələrində tikinti təyinatlı torpaq sahələri bahalaşıb.

Hazırda çıxarışlı ən ucuz torpaq sahəsinə Qaradağ rayonunda, ən bahalı torpaq sahəsinə isə Səbail rayonunda rast gəlinir.

Nizami rayonunda 158 sot torpaq sahəsi 10 500 000 manata təklif olunur. Bunun da bir sotunun qiyməti 66 min manatdan artıqdır.

Sabunçu rayonu Bakıxanov qəsəbəsində torpağın sotu 70 min manatdan başlayır. Hazırda qəsəbənin mərkəzinə yaxın ərazidə 85 sot sahəyə malik olan ərazi 6 000 000 manata satılır.

Xətai rayonunda Babək prospektinə yaxın ərazidə bir sotu 110 min manata yaxın torpaq sahəsi satışdadır. Hazırda burada 55 sot torpaq sahəsi 6 000 000 manata satılır.

Nəsimi rayonunda da bir sotu 131 min manata yaxın torpaq satışa çıxarılıb. Burada ümumi sahəsi 65 sot olan mülkiyyət 8 500 000 manata təklif olunur. Eləcə də bu rayonda hazırda satışda olan 230 sot torpaq sahəsi var ki, 30 000 000 manat qarşılığında öz alıcısını gözləyir.

Yasamal rayonunda isə torpaq sahəsinin sotu 158 min manata yaxındır. Hazırda Şəfayət Mehdiyev küçəsində satışa çıxarılan və ümumi sahəsi 38 sot olan mülkiyyət 6 000 000 manata təklif olunur.

Bakıda ən bahalı torpaq sahələrinin satıldığı rayonlara isə Səbail və Nərimanov liderlik edir.

Keçmiş Cavanşir körpüsünün yaxınlığında satışda olan torpaq sahəsinin bir sotunun qiyməti 300 min manat təşkil edir. Hazırda burada Y.Vəzirov küçəsində ümumi sahəsi 40 sot olan torpaq sahəsi 12 000 000 manata satılır.

Nərimanov rayonunda isə satışda olan 30 sot torpaq sahəsi 10 000 000 manata təklif olunur. Bunun da bir sotunun qiyməti 333 min manatdan artıqdır.

Səbail rayonunda satılan torpaq sahəsi isə daha fantastik qiymətə təklif olunur. Burada torpağın bir sotunun qiyməti 450 000 manatdır. Hazırda Badamdarda 16 sot torpaq sahəsi 7 200 000 manata satılır.

(İqtisadiyyat.az)