Bakı-Tbilisi-Qars xəttinin beynəlxalq yükdaşımalardakı payı artıb

0
397

Bakı-Tbilisi-Qars ilə Orta Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb.

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdindəki “ADY Konteyner” MMC-dən məlumat verilib.

Məlumata əsasən, hazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan Mersinə istiqamət götürən 30 konteyner yoldadır.

Bildirilib ki, 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə yüklənərək Bakı limanına gətiriləcək. Daha sonra konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatdırılacaq.

Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb. Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Oradan isə dəniz xətti ilə Bolqarıstana aparılacaq.

Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası Hacıqabuldur.   

Yaxın günlərdə Özbəkistandan Türkiyə və Avropa istiqamətində daha 56 konteynerin dəmir yolu ilə daşınması nəzərdə tutulub.