Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.
Bu barədə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-i saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı verdiyi qərara əsasən, bu postların tətbiqinə ehtiyac qalmayıb: “Operativ Qərargahın qərarı ilə mayın 18-dən etibarən vətəndaşların SMS icazə ilə evdən çıxması ləğv edilib. Ona görə də artıq avtomobillərdəki sürücü və sərnişinlər, o cümlədən sakinlər evlərindən icazəsiz çıxa biləcəklər. Bu məqsədlə də avtomobil yollarında quraşdırılan karantin postları ləğv edilib”.
DİN rəsmisi bildirib ki, karantin rejimi qaydalarına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazilərində əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam edir: “Avtobus dayanacaqları, park və istirahət mərkəzlərində, fəaliyyətinə icazə verilən xidmət və ticarət obyektlərində bəzi qadağalar qalmaqdadır. Buna görə də daxili işlər orqanları əməkdaşları həmin ərazilərdə xidməti davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcəklər”.