Yanvarın 21-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, müşavirə başlamazdan öncə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycanın mərd oğullarına Allahdan rəhmət, qazilərimizə şəfa dilənmişdir.
Müşavirəni giriş sözü ilə açan Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün çox əlamətdar hadisələrlə yadda qalmışdır. Ötən ili digər dünya dövlətlərindən fərqli olaraq ölkəmiz üçün əlamətdar edən əsas hadisə, işğal altında olan əzəli torpaqlarımızın Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə, rəşadətli, mübariz ordumuzun əzmi, xalqımızın birliyi nəticəsində düşmən işğalından azad edilməsi olmuşdur.
Daha sonra İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Bakı şəhərində 2019-cu ildə prokurorluq və daxili işlər orqanları üzrə cəmi 11176 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2020-ci ildə 667 hadisə azalaraq 10509 hadisə qeydə alınmış, ağır və xüsusilə ağır cinayətlərin sayı 171 vahid artaraq 1449 olmuş, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,1%-ə yüksəlmişdir.
Hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 19 fakt azalaraq 47 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan 45-nin açılması təmin edilmişdir. Bağlı qalan qətl hadisələrindən birinin istintaqı hazırda Baş Prokurorluğun İstintaq idarəsində, digəri isə Suraxanı rayon prokurorluğunda davam etdirilir.
Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də quldurluq və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması olmuş, 2019-cu illə müqayisədə hesabat dövründə 51 quldurluq hadisəsi qeydə alınmışdır ki, bu ötən illə müqayisədə 22 hadisə az olmuş, həmin hadisələrdən 2-si bağlı qalmışdır. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2019-cu illə müqayisədə 46 hadisə azalaraq 160 hadisə olmuş, onlardan 4-ü bağlı qalmışdır.
Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən digər illərdə olduğu kimi 2020-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kəsərli mübarizə tədbirləri davam etdirilmiş, hesabat dövründə bu qəbildən olan cinayətlərlə bağlı 463 fakt (1707), satışla bağlı isə 2020-ci il ərzində 238 (692) fakt artım qeydə alınmışdır.
Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluğun icraatında olan 873 işdən 460-ı, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 11943 cinayət işindən 4393-nün istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 3358, prokurorluq orqanları tərəfindən 137 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.
Hesabat dövründə prokurorluq və daxili işlər orqanları tərəfindən prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ümumilikdə 20.672.432 manat məbləğində maddi ziyanın 18.724.325 manatı və ya 90,6%-nin istintaq zamanı ödənilməsi təmin edilmişdir.
Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır.
Bununla yanaşı digər narahat edən məsələrdən biri kimi paytaxtın rayonları üzrə tüfeyli həyat tərzi keçirən şəxslərin müvafiq qeydiyyata alınması üçün yerli daxili işlər orqanları ilə birgə müvafiq profilaktik tədbirlərin görülməsindən ötrü rayon prokurorlarına göstərişlər verilmişdir.
Müşavirədə həmçinin qeyd olunmuşdur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.
2020-ci il ərzində Bakı şəhər prokurorluq orqanlarına 14566 müraciət daxil olmuş, müraciətlərdən 4678-i öz həllini tapmış, onlardan 1632-si tam və ya qismən təmin edilmiş, 378 şikayət isə hesabat dövrünün sonuna qalıq qalmışdır.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılmışdır. Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Əməliyyat müşavirəsində qeyd olunmuşdur ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır.
2020-ci il ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 5 nəfərə töhmət elan edilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunmuşdur.
Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları çıxış edərək mövzu ətrafında çıxışlar etmiş, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyi bildirilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə etmişdir.