Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yoldan istifadə xüsusi çip kartla olacaq

0
199

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevəgörülən işlər barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir:

“İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur”.

Diqqətə çatdırılıb ki, bu magistral yolun tikintisi AAYDA-nın nəzarəti altında 5 hissə üzrə həyata keçirilib:

“Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb”.

Bildirilib ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

S. Məmmədov bildirib ki, kartın 2 formada olması nəzərdə tutulub:

“Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər. Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb. Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq”.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.