Bakı polisi küçə ticarətinin yaratdığı vəziyyətə qarşı

0
502

Bakının görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər keçirir.

Bu barədə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E.Hacıyev deyib ki, Bakının Yasamal və Nizami rayonlarındakı küçə və prospektlərdə, metro stansiyaların çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib:

“Polis tərəfindən metro stansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb”.

Xidmət rəisi diqqətə çatdırıb ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalıdır.

“Elementar normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən sosial-neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməlidir”.