Bakı onun nəticələrini tamamilə rədd edir – PA rəsmisi

0
469

Misirin nüfuzlu ”Akhbarelyom” qəzeti, habelə “Asiaelyoum” informasiya agentliyi və “Aldiplomasy” internet nəşri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti, son günlər xüsusilə Livandan olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi siyasəti barədə AzərTac-a verdiyi müsahibəni yayıblar.

Misir ictimaiyyətinə məlumat verilir ki, H.Hacıyev sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayıldığını bildirib. O əlavə edib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.

Müsahibədə işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılmış əhalinin faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevrildiyi vurğulanır. “Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir”, -deyə Azərbaycan rəsmisi qeyd edir. Habelə diqqətə çatdırılır ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi.

Misir mətbuatı H.Hacıyevin müsahibənin sonunda dediyi sözləri oxucuların diqqətinə çatdırır: ”Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”.