Bakı mesajını çatdırdı: Konkret, real addım gözləyirik – İrəvan hansı oyunu oynayır?

0
44

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Azərbaycan-Ermənistan sülh prosesi haqda növbəti açıqlamalarla çıxış edib. O, “İndependent arabia”-ya müsahibəsində deyib ki, tərəflər Azərbaycanın təqdim etdiyi sazişin mətnində yer alan bütün məsələlər üzrə razılığa gəliblər, lakin sülh danışıqları maneəsiz davam etmir. Bunun səbəbi odur ki, Ermənistan konstitusiyasında yer alan və özündə Azərbaycana torpaq iddiaları ehtiva edən mətn ləğv edimədikcə, Bakı narazı qalacaq. Baş nazir Nikol Paşinyanın verdiyi vədlər ilə Ermənistanın ərazi iddiaları və Qarabağı öz ərazisi hesab etməsi arasında ziddiyyət var: “Bu, Azərbaycanın danışıqları davam etdirməsinə və başqa məsələlərlə bağlı əlavə təkliflər irəli sürməsinə mane olmur. Biz məsələlərin 90 faizini razılaşdırmışıq. Lakin Ermənistan konstitusiyasında ərazi iddiaları haqda müddəa qaldığı müddətdə Azərbaycan sülh sazişini imzalaya bilməz. İndi biz İrəvandan konkret, real addım gözləyirik”.

Əmirbəyov Ermənistanın mövqeyindəki bu ziddiyyəti hökumətin erməni diasporu və lobbisinin təzyiqi ilə üzləşməsi ilə izah edir: “Hökumətlə danışıqlar aparırıq, lakin sülh danışıqlarında iştirak edən və dəstək bəyanatları verən baş nazir və onun xarici işlər nazirinə qarşı müxalif mövqe tutan keçmiş liderlər var. Bu müxalifəti Daşnak Partiyası və bütün dünya erməni diasporu dəstəkləyir. Rəsmilərin bəyanatları qüvvədə qaldığından, Ermənistan hökumətinin və onun administrasiyasının Azərbaycanla sülh bağlamaqda səmimiyyətini müəyyən etmək çətindir. Çünki bəyanatlarla reallıqlar və hərəkətlər tam ziddiyyət təşkil edir”.

Əmirbəyov xüsusi vurğulayır ki, Daşnak Partiyası məhz genosid və Qarabağ mövzusunda manipulyasiyalarla mövcudluğunu təmin edir.

Zəngəzur dəhlizi ilə bağlı müddəadan Rusiyanın təminatçı rolunun çıxarılmasına gəlincə, o deyir ki, bu, Rusiya və Ermənistan arasında münasibətlərin pisləşməsi fonunda baş verir: “Biz Ermənistandan üçüncü tərəfin müdafiəni təmin edəcəyinə dair məqbul təkliflə çıxış edəcəyini gözləyirik. Lakin onlar bu məsələyə heç bir maraq göstərmirlər ki, bu da bizi danışıqları dayandırmağa vadar edib. Biz dilemma ilə qarşı-qarşıyayıq”.

Qarabağ bölgəsinə mülki həyatın qayıdışına gəlincə Əmirbəyov qeyd edir ki, keçmiş paytaxt olan Xankəndində də digər şəhərlər kimi genişmiqyaslı bərpa işləri aparılır: “Onilliklər boyu erməni işğalı zamanı infrastruktur tamamilə dağıdılıb, lakin orada çoxlu sayda erməni yaşadığı üçün Xankəndi salamat qalıb və gələn aydan etibarən Xankəndi Universiteti yenidən tələbələri qəbul edəcək. Digər ərazilərdə isə həyat yavaş-yavaş bərpa olur. Şuşaya gəlincə, ölkə prezidenti İlham Əliyevin tələblərinə uyğun olaraq yenidənqurma işləri sürətlə davam etdiyi üçün o, mədəni canlılığını bərpa edib”.

Səfir müsahibəsində Azərbaycan- İran, Azərbaycan-Fransa və Azərbaycan-ABŞ münasibətləri haqda məqamlara toxunub. O deyib ki, Məsud Pezeşkianı prezidentliyə gətirən son seçkilərin iki ölkə arasında münasibətlərdə müşahidə olunan müsbət tendensiyanın güclənməsinə kömək edəcəyinə inanır: “İran tarixi qonşudur. Biz çox şeyi, o cümlədən tarix, mədəniyyət və dini bölüşürük, ona görə də ümid edirik ki, əlaqələrimiz daha yaxşı olacaq. İrəvan-Tehran münasibətlərinə gəlincə, Ermənistan müstəqillik əldə etdikdən bəri çox yaxındırlar”.

Müşahidəçilər, Əmirbəyovun ard-arda Qərb mediasına verdiyi müsahibələri Azərbaycan hakimiyyətinin danışıqlar prosesində yaranmış bugünkü durumla bağlı cəmiyyətə məlumat vermək istəyilə izah edirlər. Fikrimizcə, bu həm də ilk növbədə Qərb ictimai rəyini Azərbaycanın haqlı mövqeyi ilə tanış etmək, ölkəmizin sülh gündəliyinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır. Hərçənd bəziləri Ermənistan Konstitusiyası ilə bağlı tələbləri ifrat sayır, bunu danışıqlar prosesini qəsdən pozmaq üçün düşünülmüş addım olduğunu iddia edirlər.

Görünür, bu şəxslər ya erməni tərəfinə ifrat etibar edirlər, ya da sadəcə Azərbaycan diplomatiyasına qarşı düşmən tezislərini tirajlamağa mükəlləfdirlər. Təəssüf ki, Ermənistan Konstitusiyasının revanşistlər üçün əsas istinad olması reallıqdır. Revanşistlərin sıraları isə yetərincə genişdir- erməni diasporu, erməni kilsəsi, vaxtilə Qarabağın işğalında iştirak etmiş keçmiş hakimiyyətlər, hətta Paşinyan hakimiyyətinin bir çox keçmiş ortaqları.

Sonunculardan birinin, sabiq müdafiə naziri, keçmiş kəşfiyyat xidməti rəisi, hazırda Ümumerməni Cəbhəsi hərəkatının lideri Arşak Karapetyanın Livanın “Al-Ahed News” portalına müsahibəsinin əsas məqamlarını təqdim etmək istərdik. A.Karpetyan Qarabağ münaqişəsini süni adlandırır, Azərbaycan haqda ən ifrat tseqakronistlərin (njdeçilərin) irqçi cəfəngiyatını təkrarlayır: “Bolşevizmin qələbə çalmasından və onun hakimiyyətə gəlməsindən sonra bu gün bir neçə milləti, Orta Asiyadan Türkiyəyə yayılan türk xalqlarının bir qrupunu özündə birləşdirən, əvvəllər mövcud olmayan “Azərbaycan” adlı dövlət yaradıldı”. O, Qarabağ ermənilərinin taleyini fələstinlilərlə müqayisə edir, sonuncuların öz torpaqları naminə mübarizəsini təqdir etdiyini deyir: “Niyə qarabağlılar İsraildən qat-qat zəif ordu qarşısında vətən saydıqları ərazini müdafiə etmək üçün belə mövqe tutmadılar? Ermənistan rəhbərliyi Fələstini tanıyıbsa, Dağlıq Qarabağın müstəqilliyini necə tanımasın?”

Bundan sonra o, Ermənistan Konstitusiyasının Dağlıq Qarabağla bağlı müddəasını xatırladır: “Ermənistan Konstitusiyasında açıq şəkildə göstərilir ki, Ermənistan dövləti Dağlıq Qarabağın qarantıdır, ona görə Ermənistan hökumət başçısının qərarı Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Ermənistanda da bu bölgə ilə bağlı hər şey, o cümlədən bütün xəritələr kitabxanalardan, məktəb dərsliklərindən silinib. Dağlıq Qarabağ anlayışı məhz qorxaq adamın xəyanətinə haqq qazandırmaq üçün silinir. O, qorxaq adam Paşinyandır. Təəssüf ki, ermənilər üçün Dağlıq Qarabağı itirmək vətənlərini itirməyə bərabərdir. Bu ərazi kiçik olsa da, Vətən idi. Biz nəinki coğrafi ərazidən imtina etdik, həm də Vətənimizi tərk etdik” .

Karapetyan daha sonra Zəngəzur dəhlizi barədə müzakirələrə toxunur, 80-ci illərdən bəri dövriyyəyə buraxılmış fikri təkrarlayır: “Bu dəhliz sadəcə yol deyil; ciddi geosiyasi dəyişiklikdir. Təsəvvür edin, bu dəhliz türk xalqına nə təklif edə bilər. Bu dəhliz Orta Asiyadan Türkiyəyə qədər türk xalqlarını birləşdirir, bəs bölgə üçün hansı risk var?”

Sabiq nazir ABŞ-ı ittiham edir, dəhlizin Vaşinqtonun marağında olduğunu deyir: “Bu gün onların Nikol Paşinyanı var, sabah isə Karapetyan ola bilər!”

Daha sonra o, İran, Ermənistan, Rusiya, Livan, İraq, Yəmən və Fələstindən ibarət yeni hərbi ittifaq yaratmağı təklif edir.

Sabiq müdafiə nazirinin dedikləri Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirlməsi barədə tələblərini qınayanlara da cavabdır. Təsdiqlənir ki, bu müddəa dəyişmədikcə, bağlanacaq sülh sazişi asanlıqla konstitusiyaya zidd elan edilib ləğv oluna bilər. Axı Paşinyan hökuməti əbədi deyil: “Bu gün onların Nikol Paşinyanı var, sabah isə Karapetyan ola bilər!”

A.Karapetyan 2018-2021-ci illərdə baş nazir Nikol Paşinyanın müşaviri olub. 2021-ci il aprelin 13-dən iyulun 20-dək Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini olub. 2021-ci il iyulun 20-də baş nazir Nikol Paşinyanın qərarı ilə müdafiə nazirinin birinci müavini, həmin il avqustun 2-də isə müdafiə naziri təyin edilib. Karapetyan 2021-ci il noyabrın 15-də vəzifəsindən azad edilib və onun yerinə Suren Papikyan təyin edilib.