“Bakı Londondan fərqlənmirdi” – Elxan Məmmədov

0
524

“Azarkeş sayı həqiqətən çox yaxşı idi. Təkcə Londondan deyil, başqa ölkələrdən gələn fanatların sayı da bizi razı saldı”. Bu sözləri Böyük Britaniya mətbuatına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 

O, stadionda olan boş yerlərin Almaniyanın “Ayntraxt” klubunun azarkeşlərinə görə olduğunu bildirib: “Alman fanatlar komandalarının finalda olacağından əmin idilər və xeyli sayda bilet almışdılar. Düşünürəm ki, stadionda boş yerlərin olması da buna görə idi”.
İngiltərə KİV-i stadionda ab-havanın ürəkaçan olmadığını yazsa da, Məmmədov buna fərqli cavab verib: “Düşünürəm ki, ab-hava kifayət qədər yaxşı idi. 30 min xarici və 22 min yerli futbol azarkeşləri gözəl görüntü yaratmışdı. Məncə, Bakı həmin gün Londondan fərqlənmirdi. Əsl bayram ab-havası hökm sürürdü. “Arsenal” və “Çelsi” tərəfdarları izdham yarada bilmişdi”.

Baş katib əyləncə proqramlarının da yaxşı səviyyədə təşkil edildiyini deyib: “Yaxşı əyləncə proqramları oldu və azarkeşləri stadiona cəlb etməyə çalışdıq. Oyundan əvvəl də şou-proqram kifayət qədər yaxşı idi”.

AFFA rəsmisi AÇ-2020 üçün hazır olduqlarını və finalın test kimi xeyir verəcəyini də sözlərinə əlavə edib: “Biz təşkilatçılıq baxımından finalda bir çox testlər etdik və mənfi heç bir şey görmədik. AÇ-202-də də heç bir problemin ortaya çıxmayacağından əminik”.