Bakı Limanı Avropanın aparıcı logistika şirkətləri ilə əməkdaşlığı möhkəmləndirir

0
382

Xəbər verdiyimiz kimi, cari ilin aprel ayında Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan Niderland Krallığının Limburq əyalətinin Venlo şəhərində fəaliyyət göstərən aparıcı 7 şirkət Bakı Limanı ilə imzalanmış anlaşma memorandumu əsasında əməkdaşlığa başlayıblar.

Əməkdaşlığın davamı olaraq “Cabooter Group”un rəhbəri Hans Cabooter və idarə heyətinin üzvü Peter Pardoel Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər. Görüş zamanı, əməkdaşlıq çərçivəsində Bakı Limanından keçərək Avropadan Çinə gedən ilk blok qatarın qarşılanması ilə bağlı müzakirələr olunub. Qeyd olunub ki, gələcəkdə Venlo-İstanbul-Bakı-Çin istiqamətində hərəkət edəcək qatarlar kənd təsərrüfatı, brend geyimlər, elektronika cihazlarının daşınmasında mühüm rol oynayacaq. “Cabooter” qrupla aparılan danışıqlar zamanı, həmçinin Venloda yerləşən Niderland Krallığının tanınmış Fontys Universiteti ilə yeni Bakı Limanı mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnmələri üçün limanda və Limburqda texniki peşəyönümlü təlim kurslarına cəlb olunması barədə ətraflı müzakirələr aparıb. Belə ki, Azərbaycanda ilkin seçimlərdən sonra, liman mütəxəssislərinin 6 aylıq müddətinə təlim və praktiki təcrübəyə cəlb olunmaları planlaşdırılır.

Səfər zamanı baş direktor Taleh Ziyadov qonaqları yeni Bakı Limanı ilə əyani tanış edib və onlara müasir və ən son texnoloji həllərin tətbiq olunduğu liman əməliyyatları barədə ətraflı məlumat verib.