“Azərbaycan və Türk bayraqları dünyanın hansı yerinə getməsindən asılı olmayaraq birlikdə səmada qürurla dalğalanırlar. Bu iki bayraq hər zaman qələbə və sülh naminə dalğalanacaqdır’’.
Bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Generalla Bayraq gününə olan özəl müsahibəni təqdim edirik.
Yücel bəy bu gün Azərbaycanda Bayraq Günüdür. Sizin üçün bayraq nə anlam ifadə edir?
“Bayraq bir qızıl almadır. Bayraq bir simurq quşudur eyni zaman da həm də cənnət quşudur. Şuşanın azad edilməsi ilə Azərbaycan bayrağı daha da qürurla səmalarda dalğalanacaqdır.
Bayraq hər şeydir. Bayraq anadır, bayraq himndir, bayraq laylalarda qulağımıza oxunan nəğmədir. Atadan oğula keçən vəsiyyətdir. Bayraq Xocalıdır, Şuşadır, Zəngilandır,Qubadlıdır, Ağdamdır.
Bayraq bütün Azərbaycandır!
Türk dünyasının böyük şairlərindən olan Bəxtiyar Vahabzadə bayrağı necə də gözəl ifadə etmişdir.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Bayraq eyni zamanda kimlikdir.Türkün kimliyi onun bayrağıdır.Bayraq eyni zamanda namusdur, qürurdur.
Bayraq eyni zamanda bacımın gəlinliyi şəhidimin son örtüsüdür. Bayraq barəsində Türk şairi Nihat Asya demişdir ki,
Ey mavi göklerin beyaz ve kızıl süsü,
Kız kardeşimin gelinliği, şehidimin son örtüsü,
Işık ışık, dalga dalga bayrağım!
Senin destanını okudum, senin destanını yazacağım.
Bayraqlar necə qanadıqca bayraq olursa, torpaq necə qan ilə sulandıqca vətən olursa cəmiyyət də o vətən üçün ölməyibelə düşündüyü üçün millət olur.
Bayraq eyni zamanda ucalmaqdır. Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi ,”Türkün qolu bükülməz ,türkün gücü tükənməz, Bir kərə yüksələn bayraq bir daha yerə enməz”.
Arzu edirəm ki, üçrəngli nazlı Azərbaycan bayrağı daima səmalarda qürurla dalğalansın. Uca Allah min illər boyu o bayrağın kölgəsini üstümüzdən əskik etməsin”.