Bərdəyə gəlin köçən Xəzər Xaqanının qızının cehiz siyahısı

0
592

Xəzərlər əsasən Şimali Qafqazda və Volqaboyu ərazidə yayılmış, bir çox türk mənşəli xalqların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından biridir.

Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları, indiki adları ilə desək, qərbdə Azov dənizi, Krım və Dnepr çayı, şimalda Kiyev, Kazan şəhəri, şərqdə Volqa çayının şərq sahilləri, cənubda Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə cənubda Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olub. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da xərac alırdı. Hətta Bizans və Sasanilər kimi imperiyalar da Xəzər xaqanlığına vaxtaşırı xərac verirdi.

Erkən orta əsrlərdə Azərbaycanda məskunlaşmış xəzər türkləri Qafqaz Albaniyasının və ümumiyyətlə Cənubi Qafqazın tarixində müstəsna rol oynayıblar. VII əsrdə Qafqaz Albaniyası Xəzər imperiyasından asılı vəziyyətə düşəndən sonra Qəbələ şəhəri Qafqazda Xəzər xaqanlığının inzibati mərkəzlərindən birinə çevrildi. Xəzərlər ərəb işgalçılarına qarşı vuruşmaqla, Qafqazda ermənilərə və ermənipərəst xristian qüvvələrə sarsıdıcı zərbələr endirməklə Cənubi Qafqazda türk amilinin güclənməsinə təkan verdilər.

Bu dövrlərdə başqa dövlətlərə qarşı Xəzər xaqanları və qonşu dövlətlər arasında qohumluq əlaqələri qurulur, qız alıb qız verirdilər. Belə toylardan biri də Xəzər xaqanının qızının Bərdəyə gəlin köçməsidir. Xaqan qızının cehiz siyahısı isə uzun müddət tarixin yaddaşından silinmədi. Məsələ ilə bağlı Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Bərdəyə gələn Xəzər xaqanının qızının cehizinin şöhrəti İslam dünyasında uzun əsrlər unudulmadı. Əl-Kufinin əsərində yer alan gəlinin cehizi haqqındakı qısa məlumat belə insanı heyrətləndirir. Müəllif Azərbaycana göndərilən Xəzər gəlininin cehizini belə təsvir edir:
“Xatun təntənə ilə xəzərlərin ölkəsindən İslam ölkəsinə yola düşdü. Onu qohumlarından 10.000 xəzər müşayiət edirdi. Ona 4000 əla madyan, 1000 qatır, 1000 qul, 10.000 Xəzəri cinsindən olan alçaq dəvə, 1000 baş Türki cinsindən olan iki hörküclü dəvə, 20.000 baş qoyun, qapıları və üstü qızıl və gümüş lövhələrdən düzəldilmiş, içərisinə samur xəzi döşənmiş və ipək çəkilmiş 10 araba, qızıl və gümüş əşyalar, qab-qacaq və başqa şeylər yüklənmiş 20 araba qoşulmuşdu”.