Bərdədə torpaq davası

0
656
Məcburi köçükünün istifadəsində olan əraziyə zorla pambıq əkirlər

Bərdədə müvəqqəti yaşayan Ağdam rayonundan bir qrup  məcburi köçkünün bu rayonun Cəyirli kəndində istifadələrində olan torpaq sahələri əllərindən alınıb. Həmin torpaq sahəsində pambıq əkiləcəyi bildirilib. Bu barədə məcburi köçkün Atakişiyev Elvin Şahin oğlu bildirib.

“İyirmi ildən artıqdır həmin torpaq sahəsi bizim istifadəmizdədir. Heyvandarlıqla məşğuluq. Həmin ərazi heyvanların otlaq sahəsi idi. Heyvanların qışda bəslənməsi üçün əkin işləri aparırdıq. İndi bir neçə qadın həmin torpaq sahəsinin onlara məxsus olduqlarını iddia edərək üstümüzə hücüm çəkmişdilər. Yerli icra hakimiyyətinin və bələdiyyənin rəhbərliyi həmin şəxsləri müdafiə edir. Bildirirlər ki, həmin torpaq sahəsində pambıq əkiləcək. Biz də səlahiyyətli şəxslərə “lazımdırsa, biz də pambıq əkək, yetər ki, torpaq sahəsini əlimizdən almayın” deyə müraciət edirik. Amma bizim müraciətə baxılmır. Bizim yeganə məşğuliyyətimiz heyvandarlıqdır. Bəs heyvanları necə sağlayacağıq? Necə dolancağıq? Əkinçiliklə məşğul olmağımıza da icazə verilmir”,-Elvin Atakişiyev bildirir.
O deyir ki Ağdam rayonundan yeddi məcburi köçkün ailəsi həmin torpaq sahəsindən “çörək» qazanıblar: “Ümumilikdə 40 nəfərin çörəyini kəsirlər. Hər məcburi köçkün ailəsinə bələdiyyə 1 hektar torpaq sahəsi vermişdi. İllərdir ki, istifadəmizdə olan torpaq sahəsini indi əlimizdən alırlar. Üstümüzdə üç qadını göndəriblər. Bizə təzyiq göstərirlər”.
Bərdə rayonu, Cəyirli kənd bələdiyyəsinin sədri Əkbər Əliyev bildirib ki, bu məsələ ilə bağlı bələdiyyə məsuliyyət daşımır: “Vətəndaşla vətəndaş arasında mübahisədir. 12 hektar torpaq sahəsi vətəndaş Qəmbərova Lətafət Qəmbər qızıdır. 2004-cü ildən həmin torpaq sahəsi bu şəxsin icarəsinə verilib. Sadəcə o, hümanistilik edilib, məcburi köçkünlərin istifadə etməsinə göz yumub. İndi həmin şəxs torpaq sahəsini istifadə etmək qərarına gəlib”. Ə.Əliyev bildirir ki, məcburi köçkünlərin şikayəti əsasında Ədliyyə Nazirliyində və prokurorluqda araşdırma başlanıb.