Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan bildirilib ki, daxil olan məlumat əsasında Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonu, Qarabağ küçəsi 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqi Namik Məmməd oğluna məxsus olan “Gogi” əmtəə nişanlı alkoqolsuz içki istehsal edən sexdə reyd keçirilib.
Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Bundan əlavə, sexdə istifadə edilən xammalların mənşəyi və keyfiyyəti barədə təsdiqedici sənədlərin olmadığı müəyyən edilib.
Alkoqolsuz içkilərin saxlama müddəti 30 gün olduğu halda, məhsulun üzərində 180 gün qeyd olunduğu, texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi, bütün prosesin eyni sahədə həyata keçirildiyi aşkarlanıb.
Həmçinin, müəssisədə vaxtaşırı dezinfeksiya işlərinin aparılması məqsədilə müvafiq səlahiyyətli qurumla bağlanmış müqavilənin olmadığı müəyyən edilib.
Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.