Şirkətdən verilən məlumata görə, ənənəvi olaraq hər il ölkədə korporativ sosial məsuliyyət siyasətinin təşviqi məqsədilə təşkil olunan müsabiqənin yekun mərhələsinə bu il təqdim edilmiş 60 layihə arasından 7-si vəsiqə qazanmışdır. “AzerGold”-un 2019-cu ildə həyata keçirdiyi layihələrdən biri – Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində icra edilmiş “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusundakı təlim layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə məqsədi əsas götürülərək müvafiq nominasiya üzrə seçilib. Bakı və Naxçıvan Muxtar Respublikasında icra olunan layihə çərçivəsində iqlim dəyişikliklərinə məruz qalan təsərrüfatların effektiv idarə edilməsi üçün 100-dən çox fərdi sahibkara innovativ praktiki biliklər aşılanmışdır.
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyinin birgə təşkil etdiyi müsabiqədə layihələr bir sıra dövlət, özəl və qeyri-hökümət təşkilatlarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalara uyğun olaraq dəyərləndirilib. Qeyd edək ki, “AzerGold” QSC “Milli KSM mükafatı”na layiq görülən ilk və yeganə dövlət şirkətidir.
“AzerGold” korporativ sosial məsuliyyət siyasətinə hər zaman böyük önəm verir. Cəmiyyətin hasilat işlərinə başladığı ildən onun nəzdində fəaliyyət göstərən KSM Komitəsi müxtəlif hədəf qruplarına yönəlmiş təşəbbüslər və layihələr vasitəsilə ölkədə sosial və dayanıqlı inkişafa, həmçinin dövlət siyasətinə töhvə verməkdədir.