Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin məsafədən asılı olmayaraq səmərəli elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı verdiyini bildirib. İcraçı direktor Şuranın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinə öncədən nəzərdə tutulduğundan daha artıq vəsait ayırmasının QHT-lərin bu sahədəki fəaliyyətinə xüsusi önəm verməsinin göstəricisi olduğunu deyib.
Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqəsinin tərəfdaş qurumlarından birinin də Diasporla İş üzrə Dövlət Komitəsi olduğunu deyərək bu əməkdaşlıqda əsas məqsədin QHT-lərlə hökumət qurumları arasında münasibətləri yeni keyfiyyət mərhələsinə çatdırmaq, ictimai nəzarəti gücləndirmək və dövlət vəsaitinin daha şəffaf və səmərəli istifadə olunması məqsədi daşıdığını vurğulayıb.
Azay Quliyev bildirib ki, birgə qrant müsabiqəsində vəsaiti Şura ayırsa da QHT layihələrinin icrasının effektivliyini artırmaq üçün mərkəzi icra qurumları və digər əlaqəli tərəfdaşların da potensialından yararlanmaq vacibdir. Azay Quliyev son illərdə Azərbaycan diasporunun fəaliyyətinin yenidən və köklü şəkildə qurulduğunu deyib:
“Xüsusi ilə Ermənistanın 12 iyuldan başlayaraq Tovuza etdiyi son hərbi təcavüzü zamanı Azərbaycan diaspora təşkilatları dünyanın müxtəlif şəhərlərində mütəşəkkil aksiyalar keçirdilər, ermənilərlə üz-üzə gəldilər və onları üstələdilər. İndiyədək mövcud olan dövlət-vətəndaş birliyinə həm də diaspora birliyi qoşuldu. Bu gün dünyada cənab prezidentin rəhbərliyi ilə güclü, beynəlxalq nüfuzu artan, güclü Azərbaycan dövləti var. Bu cəhətdən QHT-lərin də, diaspor qurumlarının da fəaliyyəti dövlətin milli maraqlarımızın qorunması istiqamətindəki siyasətinə adekvat olmalıdır. Hesab edirəm ki, həm Şuranın, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədi eynidir: Dövlətimizə, millətimizə xidmət etmək, qarşımızdakı dövlət vəzifələrini uğurla icra etmək, cənab prezidentin etimadını doğrultmaq”.
Azay Quliyev Tovuza son hücumu zamanı Azərbaycan əlehinə olan bütün qüvvələrin vahid şəbəkə halında fəaliyyət göstərdiyini bildirib. Şuranın Qarabağla bağlı maliyyələşdirdiyi layihələrin 5-ci kalonun xüsusi hədəfində olduğunu qeyd edən Azay Quliyev belə xəyanətkarları geniş ictimaiyyətin, o cümlədən QHT və diaspor fəallarının ifşa etdiyini deyib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın hər zaman birgə və səmərəli əməkdaşlığın təşəbbüskarı olduğunu bildirib. Komitə sədri Şuranın yaratdığı şəffaf idarəçilik sisteminin layihələrin qiymətləndirilməsi zamanı hər hansı subyektivliyi istisna etdiyini deyib. Şuranın indiyədək göstərdiyi fəaliyyətlə dövlətin QHT-lərə effektiv və nümunəvi dəstək mexanizmi modeli yaratdığını bildirən Fuad Muradov ictimai təşkilatların cəmiyyətin həyatında, milli maraqların qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Komitənin 2019-2024-cü illər üzrə yol xəritəsinin qəbul olunduğunu deyən Fuad Muradov prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin gücləndirilməsini xüsusi diqqətdə saxladığını bildirib: “Bu gün Azərbaycan diasporunun 25 ölkəni əhatə edən 12 koordinasiya şurası fəaliyyət göstərir. Ermənistanın Tovuza son hücumundan sonra diaspor təşkilatlarımız dünyanın 39 ölkəsində 72 böyük aksiya keçiriblər. Bu tədbirlərdə 20 min şəxs iştirak edib. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Ermənistan diasporu fəaliyyətini əsasən təhdid, güc və terror yolu ilə qurur. Buna baxmayaraq Diaspor Komitəsi üzərinə düşən mühüm vəzifənin üzərindən əzmlə gəlməkdədir. Sevindiricidir ki, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, anti-Azərbaycan dairələrin ifşa olunmasında diaspor təşkilatlarımız böyük fəallıq nümayiş etdirirlər”.
Komitə sədri QHT-lərə ölkə daxilində və xaricdə təşkilati-texniki dəstək verəcəklərini və onlarla əməkdaşlıqda maraqlı olduqlarını deyib.
QHT rəhbəri Ramil İsgəndərli, Tailət Əliyev, Tahir Əmiraslanov, Xoşbəxt Səidova, Aqil Camal, Yusif Bəkirov, Toğrul Allahverdi, Nüşabə Məmmədova, Tofiq Əlizadə, Nadir İsmayılov, Xanlar Məmmədov, Samir Adıgözəlli və Vüsal Məmmədov çıxış edərək layihələri barədə məlumat veriblər. QHT rəhbərləri müqavilə öhdəliklərinə məsuliyyətlə əməl edəcəklərini və layihələri icrasını səmərəli şəkildə həyata keçirəcəklərini bildiriblər.