AZAL prezidenti və İordaniya səfiri yeni reysin açılmasını müzakirə etdilər

0
401

 “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov dekabrın 26-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşüb.

Bu görüş İordaniya Haşimilər Kralı II Abdullah ibn Əl-Hüseynin cari ilin 10 dekabr tarixində Azərbaycana rəsmi səfərinin yekunları əsasında baş tutub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması barədə tapşırıq verib.

Cahangir Əsgərov və Sami Asem Ğoşeh bütün prosedur məsələləri başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər.

Reyslər həftədə iki dəfə “Buta Airways” aviaşirkətinin “Embraer 190” təyyarələri ilə yerinə yetiriləcək.

Danışıqlar zamanı Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin qurulması iki ölkə arasında turizmin və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaqdır.

Sami Asem Ğoşeh yeni reysin hər iki ölkə vətəndaşları arasında böyük marağa səbəb olacağına inandığını bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə İordaniyanın ən böyük turizm şirkətləri ilə danışıqlar aparılacaq və həmin şirkətlərin nümayəndələri Bakıya işgüzar səfər edəcəklər.