Bizim vəzifəmiz ölkənin meşələrinin qorunmasıdır!

0
469

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr (meşə və ağaclar) Günü elan edib.

Bu tarixi gün respublikamızda da təntənə ilə qeyd olunur, bütün meşə tiplərinin ekoloji vacibliyi, onların qorunması və artırılması gündəmə gətirilir. Xatırladaq ki, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi iki dəfədən çox azalıb.
Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da Respublika ərazisinin 11,8 %-ni əhatə edir.
Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Respublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir.  Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdən min tonlarla (adi qoz, alma, armud, zoğal, alça, əzgil, fındıq, xurma, yemişan, şabalıd və s.) yabanı meyvə məhsulu vardır. Bu meyvələrdən 30%-i istismar əhəmiyyətli məhsullardır.  Qeyd olunduğu kimi Azərbaycan Respublikasının təbii coğrafi xüsusiyyətləri çox müxtəlifdir. Təbii şəraitdən və insanların tarixən apardığı təsərrüfat fəaliyyətindən asılı olaraq respublikamızın ayrı-ayrı reqionlarında müxtəlif tip meşələrə rast gəlinir. Bu baxımdan istər dağ rayonlarında, istərsə də Kür-Araz ovalığında bitən meşələr bir-birindən çox fərqlənirlər.
Meşə formasiyalarının ayrılıqda mövcud arealı və növ tərkibi vardır.
Meşələrimizdə arıçılığın inkişafı üçün də əlverişli şərait vardır. Hazırda meşə müəssisələrində 700-ə yaxın arı ailəsi saxlanılır. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsullarının alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir.

Ekoloji tarazlığın qorunmasını və ətraf mühitin mühafizəsini dövlət fəaliyyətində həmişə önə çəkən Azərbaycan Prezidenti çıxışlarının birində demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır . İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik…” Uğurlu ekoloji siyasətin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, bitki örtüyü, yüzlərlə parkı, qoruğu və yasaqlığı var. Milli parkların, qoruqların, yasaqlıqların ərazisi genişləndirilir və yeniləri salınır. Qısa müddət ərzində beynəlxalq normalara uyğun olan Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri genişləndirilib. Bu məsələdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var. Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün uğurla davam etdirilir. Ölkəmizdə hər il aidiyyəti qurumlar tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol bitkilərinin qorunması və artırılması sahəsində işlər görülür.
Həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edir. Hazırda vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında fəal iştirakı bunun əyani göstəricisidir. Ekspertlərin fikrincə, bu gün Azərbaycanda ekoloji mühafizə, meşələrin qorunması və bərpası istiqamətində görülən işlər bir çox ölkələrə nümunədir.

Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə  külli miqdarda ziyanlar vurulmuşdur. Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min hektardan artıq meşə sahələri işğal altında olmaqla, vəhşicəsinə qırılaraq talan edilir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınır.

Azad Əliyev,

İNK ekoloji departamentinin sədri