“Azərişıq”dan elektrik enerjisinin qiyməti barədə – Açıqlama

0
357

“Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib”.

Bunu “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

O bildirib ki, tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub:

“Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq.

Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.

“Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurəti yaranıb.

Elektrik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində “Azərişıq” üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlamış olur.

Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək.