Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) əməkdaşları ən ucqar dağ kəndlərində belə kəskin hava şəraitində 24 saat fəaliyyət göstərirlər.
Səhmdar Cəmiyyətdən bildirilib ki, Azərbaycanın bir sıra regionlarında havanın qarlı və kəskin şaxtalı keçməsi istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatında ASC-nin məsuliyyətini daha da artırır. “Azərişıq” ASC-nin əməkdaşları abunəçilərin 24 saat fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün var gücü ilə çalışırlar.
Müxtəlif dağlıq və dağətəyi regionlarda qarın yağmasına və havaların şaxtalı keçməsinə baxmayaraq, ASC əməkdaşları elektrik enerjisi xətlərində qəzaların baş verməməsi üçün səfərbər olunublar.
“Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrinin əməkdaşlarının ekstremal hava şəraitinə baxmayaraq, gecə-gündüz çalışması nəticəsində istehlakçılarımızın dayanıqlı və keyfiyyətli elektrik enerjisinə əlçatanlığı daha da artıb.
Hər il olduğu kimi, bu il də payız-qış fəsli ilə əlaqədar olaraq regionlar zəruri avadanlıqlar, mal-materiallarla öncədən təmin edilib, kəsinti və qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək kəsilmələrin qarşısını almaq üçün ASC əməkdaşları daim hazır vəziyyətdədir.
İstehlakçılardan xahiş olunur ki, qarşılaşdıqları hər hansı qəza halı ilə bağlı “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.