İlin sonu yaxınlaşdıqca artıq ictimai müzakirələrdə, internet səhifələrində və sosial şəbəkələrdə qazdan istifadə üzrə illik ayrılmış 10 qəpiklik limitin sıfırlanma məsələsinə diqqət artır.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.
Qeyd edək ki, smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.
“Azəriqaz” rəsmisi bildirib ki, bəzən sosial şəbəkələrdə bu məsələni şərh edən insanlar mexaniki sayğaclarla olan məsələni bütün sayğaclara aid edirlər: “Əslində isə belə deyil. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu da abonent bazasında hər bir abonent üçün ayrılıqda hesabat şəklində öz əksini tapmalıdır. Lakin, 2020-ci il yanvarın ilk 5 günü bayram günləri olacaq. Ona görə də mexaniki sayğacların qeydiyyat prosesinə ilin ilk iş günü – yanvarın 7-dən başlanılacaq. Həmin vaxtdan etibarən, mexaniki sayğacların oxunmasına start veriləcək, bu da maksimum 4-5 gün vaxt aparacaq. Məhz həmin qısa vaxt ərzində mexaniki sayğaclar üzrə illik limitin sıfırlanması mərhələsi əməliyyatı icra ediləcək. Ən geci yanvarın 10-da bu iş tamamlanacaq və hər bir əhali qrupu üzrə abonentə 2020 ci il üzrə yeni 10 qəpiklik qazdan istifadə üzrə 2200 kubmetrlik limit veriləcək”.
O qeyd edib ki, sosial şəbəkələrdə bu məsələlər barədə geniş məlumat almaq istəyən abonentlər yaxşı olar ki, “Azəriqaz” İstehsalat Birliyinin rəsmi səhifəsinə daxil olsunlar: “Bu gündən etibarən artıq bizim rəsmi səhifəmizdə bununla bağlı məlumatlar yerləşdiriləcək. Bundan başqa, gələn həftə ərzində “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin geniş mətbuat konfransı pıanlaşdırılır və bu mətbuat konfransına təkcə jurnalistlər deyil, həmçinin bu barədə yazan hüquq müdafiəçiləri də dəvət olunacaq. Açıq söhbət olacaq və onlar “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə fikir mübadiləsinə qoşula bilərlər”.
C. Səfərov əlavə edib ki, əgər mexaniki sayğac istifadə edən abonent öz sayğacının qeydiyyatının daha tez bir zamanda nəzərə alınmasını və bazaya yerləşdirilməsini istəyirsə, ilin əvvəlində öz sayğacının aydın şəklini çəkib “Azəriqaz” İstehsalat Birliyinin facebook səhifəsinə, eyni zamanda 104 və 185 operativ qaynar xətti xidmətinin +99477 3 104 104 watsapp nömrəsinə də göndərə bilər.