“Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlandı

0
365

Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb:

“Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri – İlkin Əzizovun abonentlə mübahisəsinin yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciəti əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Nəticə barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.