“Azəriqaz” istixana sahiblərinə güzəşt edəcək

0
305

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, xüsusən Şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib:

“Bu baxımdan qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını “Azəriqaz” İstehsalat Birliyi də anlayışla qəbul edir. Ölkədə sahibkarlığın inkişafına Birliyimiz də həssaslıqla yanaşır və buna görə də istixana sahibləri üçün növbəti dəfə ödənişlərini icra etməkdə güzəştli variantın tətbiqinə təşəbbüs göstəririk. Belə ki, istixanalar mövcud borclarının 50 %-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər”. 

Qeyd edək ki, ötən il pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün də belə bir addım atılmışdı. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılmışdı.

Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində 227,  Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində 210, Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində isə 254 istixana sahibkarlıq subyekti fəaliyyət göstərir