Azərbaycanlılara erməni hücumu bunu üzə çıxardı… – Əroğlu

0
802

Almaniyada yaşayan türkiyəli politoloq, tədqiqatçı Yılmaz Əroğlunun müsahibəsini təqdim edirik:

– Sizcə, Tovuz təxribatı niyə törədildi?

– Dağlıq Qarabağdan köç etmək məcburiyyətində qalan azərbaycanlı soydaşlarımız öz yurd-yuvalarından uzaqda pərişan halda yaşayırlar. Demokratiyadan dəm vuran ikiüzlü Qərb insan haqları müdafiəçiləri isə səslərini çıxarmırlar. Heç bir ölkə Dağlıq Qarabağdakı qondarma rejimi tanımır. Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycan torpağıdır. Azərbaycanın getdikcə artan nüfuzu, nizami Ordusunun gücü Ermənistanı qorxuya salıb. Tovuz istiqamətində Ermənistan Ordusunun son həmləsinə cavab olaraq çox sayda itki verməsi buna bariz nümunədir. Nəticə etibarilə bu da Ermənistanın havadarlarının və diasporunun yuxusunu ərşə çəkib. Buna görə də Tovuza hücum edərək, Dağlıq Qarabağın işğalının bitməsini istəmirlər. Türkiyə Azərbaycanın Qarabağla bağlı haqlı davasında hər zaman yanındadır. Eyni zamanda inkişaf edən Türkiyə sənayesi və Ordusunun gücü bölgədə maraqları olan dövlətlərin planının qarşısını alır.

– Ermənistan BMT-nin Dağlıq Qarabağın işgaldan azad edilməsi ilə bağlı 4 qətnaməsini görməzdən gəlir. Bu qərarın icrası niyə öz həllini tapmır?

– Qeyd etdiyim kimi, bəzi qüvvələr bölgədəki gücünü itirməmək üçün ermənilərin propaqanda və qarayaxma kampaniyalarına dəstək verərək, bu qətnamənin icrasına mane olurlar. Ermənilər hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu.

BMT Nizamnaməsinə görə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində başlıca məsuliyyəti Təhlükəsizlik Şurası daşıyır. Onun tərkibinə veto hüququ olan 5 daimi (Böyük Britaniya, ABŞ, Çin, Fransa və Rusiya) daxildir. Bu əsasda 5 dövlətin veto hüququnun normal olmadığını görə bilirik. Bu xüsusda Azərbaycanı heç zaman yalnız qoymayacağını bilən rəqib güclər Türkiyənin qarşısını kəsməyə cəhd edirlər.

– Dünyanın bir çox ölkəsində erməni təxribatı sərt qınaqla qarşılandı. Türkiyə rəsmi səviyyədə bəyanat yayaraq, hərbi-siyasi baxımdan Azərbaycanın yanında olduğunu bəyan etdi. Sizcə, bu bəyanatdan sonra Ermənistan və dəstəkçiləri nə düşünür?

– Türkiyənin müttəfiqləri Dağlıq Qarabağı zatən qardaş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyır. Türkiyənin artan nüfuzu iqtisadiyyatı və siyasəti tənəzzülə uğrayan Ermənistanı olduqca narahat edir. ABŞ, Rusiya, Avropa və dünyanın digər ölkələrində yaşayan azərbaycanlı qardaşlarımızın haqq səsini boğmağa çalışan ermənilər diasporun istəyilə soydaşlarımıza vəhşicəsinə hücum çəkirlər. Onların elədikləri bu alçaqca hərəkəti şiddətlə qınayıram. Təəssüf ki, Qərb mətbuatı dünyanın bu hadisələri görməsi üçün yetərincə işıqlandırmır. Amma onu deyim ki, dünya artıq özlərini məzlum kimi qələmə verən ermənilərin iç üzünü tanıyır. Bu istiqamətdə Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti həqiqətlərin dünyaya yayılmasında özünü doğruldur.